“Gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”. Prezident İlham Əliyev oktyabrın 21-də öz ərizəsi əsasında baş nazirin müavini vəzifəsindən çıxarılan Əli Həsənovla görüşündə belə deyib.
Əli Həsənovun 21 ildir baş nazirin müavini vəzifəsində çalışdığını vurğulayan prezident qeyd edib ki, yeni baş nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub: “Bir də siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaq.
Eyni zamanda siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görüb. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz.
Uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz”.
İlham Əliyev həmin gün baş nazirin müavini vəzifəsindən ayrılan Hacıbala Abutalıbovla da görüşüb. O da öz ərizəsi əsasında işdən götürülüb. Hacıbala Abutalıbova gördüyü işlərə görə təşəkkürünü bildirən dövlət başçısı onun Heydər Əliyevə sadiq olduğunu xatırladıb: “Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmişiniz”.
1990-cı illərin əvvəlində Azərbaycanda yaşı 65-dən yuxarı olan şəxsin prezidentliyə namizədliyi yasaqlanıb, 1923-cü il təvəllüdlü Heydər Əliyev də həmin qadağanın altına düşüb. O dövrü xatırladan İlham Əliyev Hacıbala Abutalıbovun parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etməsinə toxunub: “Öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atırdılar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını – Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi”.
Dövlət başçısı Hacıbala Abutalıbovun Suraxanı rayonunda icra başçısı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, baş nazirin müavini vəzifələrində çalışdığını xatırladaraq bunları qeyd edib: “Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçib və əlbəttə, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində öz fəaliyyətinizi davam etdirməlisiniz”.
Novator.az bildirir ki, 1948-ci il təvəllüdlü Əli Həsənov 1997-ci ildən hökumətdə yer alıb. O, əvvəlcə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olub, 1998-2018-ci illərdə baş nazirin müavini olmaqla yanaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədrlik edib.
2018-ci ildən baş nazirə müavinlik edən Hacıbala Abutalıbov 2000-2001-ci illərdə də həmin vəzifəni tutub, 2001-2018-ci illərdə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Hacıbala Abutalıbov 1944-cü ildə doğulub.
Əli Həsənov İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında sədr müavini olmaqla yanaşı İdarə Heyətinin üzvüdür. Hacıbala Abutalıbov da İdarə Heyətində təmsil olunur.
Oktyabrın 8-də prezident İlham Əliyev Novruz Məmmədovu öz ərizəsi əsasında baş nazir vəzifəsindən azad edib. 1947-ci il təvəllüdlü Novruz Məmmədov 2018-ci il aprelin 21-dən baş nazir idi.
İlham Əliyevin 8 oktyabr sərəncamı ilə Əli Əsədov baş nazir təyin olunub. 1956-cı il təvəllüdlü Əli Əsədov iqtisadçıdır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifələrində işləyib, 2017-ci ildə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.