AXCP funksioneri, jurnalist Seymur Həzinin hansı ittihamla tutulduğu bəlli olub.
Novator.az xəbər verir ki, Seymur Həzi Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi etiraz aksiyasından qabaq – oktyabrın 17-də tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs verilib.
Oktyabrın 21-də həyat yoldaşı Nigar Həzi özünün “Facebook” səhifəsində yazıb ki, məhkəmə Seymuru İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə təqsirli bilib: “Bu maddələr üzrə ittihamın irəli sürülməsinə isə o səbəb olub ki, guya Seymur həyətdə telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyürmüş. Halbuki həmin vaxt Seymur mənimlə görüşə gəlirdi. Mənim ora çatmağımla mülki geyimlilərin onu aparması bir olub”.
1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) və AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasını bitirib.
O, 2014-cü il avqustun 29-da bir nəfərə xəsarət yetirmək ittihamı ilə tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da azadlığa çıxıb.
Seymur Həzi həbsdə olarkən, 2016-cı ilin avqustunda müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigarla ailə qurub.
Hazırda Tofiq Yaqublu da həbsdədir. O, Milli Şuranın 19 oktyabr aksiyasında tutulub, 30 sutka inzibati həbs cəzası alıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları yer alır.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
“28 May” stansiyası qarşısında toplaşmağa imkan verilmədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
19 oktyabr aksiyasından əvvəlki günlərdə tutulanlardan 19 nəfərinə, aksiya günü tutulanlardan isə 12 nəfərinə inzibati həbs cəzaları verilib.
Aksiya ərəfəsində tutulan AXCP üzvü Paşa Umudova satış məqsədi ilə qanunsuz olaraq narkotik saxlama ittihamı irəli sürülüb, onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Aksiyadan əvvəl və aksiya günü tutulanların əksəri Xalq Cəbhəsi Partiyasının, bir neçə nəfəri isə Müsavat Partiyasının üzvüdür.