AXCP sədri Əli Kərimli prokurorluğa rəsmi şikayət hazırlayır.
Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyasında tutulan Əli Kərimli həmin gün ona işgəncə verildiyini bəyan edib. AXCP sədrinin sözlərinə görə, kobudluqla saxlanıb avtobusa salınan kimi onu döşəməyə yıxıb qoluna qandal vurublar və döyərək işgəncəyə məruz qoyublar. Əli Kərimli kameraya çəkilən döymə əməliyyatında altı-yeddi nəfər polisin iştirak etdiyini, ondan siyasi mübarizədən əl çəkməyin tələb olunduğunu vurğulayıb.
Partiya lideri deyib ki, Xətai Rayon Polis İdarəsinə aparılaraq orada da bir müddət döyülüb, ancaq idarə əməkdaşlarına təhvil veriləndən sonra işgəncələr bitib.
Vəziyyəti ağır olduğundan Əli Kərimlini müayinə üçün Daxili İşlər Nazirliyinin Mərkəzi Hospitalına aparıblar. AXCP sədrinin alın nahiyəsinə tikiş qoyulub.
Hospitaldan Əli Kərimlini Bakının Süleyman Rəhimov küçəsindəki evinin 300-400 metrliyinə gətirərək sərbəst buraxıblar.
Oktyabrın 21-də Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayaraq bildirib ki, aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq mitinqin təyin olunduğu əraziyə doğru irəliləyib açıq çağırışlar edib: “Polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək onların ünvanına nalayiq söyüşlər işlədib, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provokasiyaya cəhd edərək başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb”.
Qeyd olunur ki, Xətai Rayon Polis İdarəsinə aparılan Əli Kərimliyə ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti onu müayinə edib və xəsarətin başını avtobusun dəmir barmaqlıqlı qapısına vurmasının nəticəsi olduğuna dair rəy verilib, daha sonra Əli Kərimli Daxili İşlər Nazirliyinin hospitalında müayinədən keçirilib və nəticədə heç bir patoloji hal aşkar edilməyib: “Məhkəmə-tibb eksperti Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşlarını müayinə edib və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib”.
Novator.az-ın məlumatına görə, Əli Kərimli özünün “Facebook” səhifəsində Baş Prokurorluğun açıqlamasına belə münasibət bildirib: “Bir ölkənin müxalifət partiya sədri bu şəkildə həbs olunursa, bu mənzərəyə görə ilk növbədə həmin ölkənin daxili işlər naziri, baş prokuroru və dövlət başçısı utanmalıdır. Amma bunlar nə edir? Baş Prokurorluq rəsmi məlumat yayıb ki, başıma xəsarəti özüm yetirmişəm, üstəlik, daha iki nəfər polis əməkdaşına xəsarət yetirmişəm”.
AXCP sədri vəkillərlə danışdığını, prokurorluğa rəsmi şikayət təqdim edəcəyini vurğulayıb: “Şikayətimə bədənimdəki ondan artıq xəsarətin foto və video görüntüsünü də əlavə edəcəm. 19 oktyabr mitinqindən çəkilmiş videonu artıq milyonlarla azərbaycanlı izləyib. Artıq nə xalqı, nə dünyanı aldatmaq mümkündür. Bu qədər açıq və ölçüsüz polis zorakılığına haqq qazandıranlar isə belə cəhdləri ilə yalnız özünü daha da rüsvay edir”.
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydana təyin edib.
Polis 19 oktyabr mitinqinə imkan verməyib, xeyli aksiyaçını saxlayıb, onların bir hissəsi inzibati həbs cəzası alıb.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan 1965-ci il təvəllüdlü Əli Kərimli Xalq Cəbhəsinin hakimiyyəti zamanı (1992-1993) əvvəl Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi postlarını tutub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.