ABŞ-ın Azərbaycandakı səfirliyi Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi aksiyaya dair bəyanat yayıb.
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydana təyin edib.
Polis 19 oktyabr mitinqinə imkan verməyib, xeyli aksiyaçını saxlayıb, onların bir hissəsi inzibati həbs cəzası alıb.
ABŞ səfirliyinin 21 oktyabr bəyanatında etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların tutulması üçün polisin göstərdiyi zorakılıq pislənir: “Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olanların tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq.
İnsanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir. Hökumətin səhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl qadağa qoyması və ya fikirlərini bildirmək istəyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi insanların həmin hüquqdan yararlanmasına maneə törədir, Azərbaycanı zəiflədir.
Toplaşmaq və söz azadlıqları Azərbaycan Konstitusiyasında təmin olunan fundamental azadlıqlardır. Biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq”.
“Turan”ın məlumatına görə, Avropa Şurasının insan haqları komissarı Dunya Miyatoviç də 19 oktyabr aksiyasının dağıdılmasını qınayıb: “Hüquq mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyirəm və hakimiyyəti israrla amansız davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram.
Hakimiyyət sərbəst toplaşmaq azadlığına tam riayət olunmasını təmin etməlidir. Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş açıq nümayişlərin keçirilməsi haqqında məlumatlandırma proseduru Avropa standartlarına uyğun tətbiq edilməlidir və bu cür nümayişlərin keçirilməsi üçün icazə tələb olunmur. Hakimiyyət təşkilatçıların üstünlük verdiyi yerdə açıq yığıncaqlara yardım etməli və onları qorumalıdır”.
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Rocer Geylin bəyanatında bir çox aksiya iştirakçısının saxlanmasından və onların bəzilərinə qarşı ehtimal olunan amansız rəftardan narahatlıq vurğulanır: “Bu acınacaqlı hadisələrə toplaşmaq azadlığının pozulmasının davam etməsi və hökumət tənqidçilərinin fəaliyyətinə mane olan məhdudlaşdırıcı mühitin yaradılması kontekstində baxmaq lazımdır. Hakimiyyət qanunun təşkilatçılardan əvvəlcədən xəbərdarlıq istəyən müddəasından sui-istifadə edir və müstəqil qrupların şəhərdə toplaşmasının qarşısını sistemli şəkildə alır”.
Məruzəçilər bildirir ki, 19 oktyabr aksiyasında bir çox şəxs tutulub, onların bəziləri, o cümlədən AXCP lideri Əli Kərimli işgəncələrə məruz qoyulub və vəkillərlə əlaqə saxlamaq imkanından məhrum edilib: “Azərbaycanda toplaşmaq azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Biz hakimiyyəti dinc mitinqlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa, saxlananların hamısını azad etməyə, ehtimal olunan işgəncə və amansız rəftar hadisələrini araşdırmağa çağırırıq”.