Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu oktyabrın 21-də evə zəng vurub. Novator.az-ın məlumatına görə, Bakıdakı inzibati həbs məntəqəsində saxlanan siyasətçinin qızı Nigar Həzi özünün “Facebook” səhifəsində telefon söhbəti barədə bunları yazıb: “Atam ona şiddətli işgəncələrin verildiyini dedi. Qabırğası sınıb. Təcili həkim müayinəsi tələb edir”.
Nigar Həzi əlavə edib ki, atasının vəkili ilə müqavilə bağlamaq, görüşə getmək niyyətindədir.
Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr aksiyasında tutularaq 30 sutka inzibati həbs cəzası alıb.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
“28 May” stansiyası qarşısında toplaşmağa imkan verilmədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub. Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb. 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.