Bakı Şəhər Baş Polis İdarəsi Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyası ilə bağlı rəsmi məlumat yayıb. Qeyd olunur ki, aksiyaçılar oktyabrın 19-u saat 15-dən başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər: “Hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb.
18 nəfərin əməlləri ərazi polis qurumlarında sənədləşdirilir, toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısındakı meydana gediş-gəlişi bağlayıb. Aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.