Oktyabrın 19-da Müsavat Partiyasının Məclisi yeni tərkibdə ilk iclasını keçirəcək.
Novator.az bildirir ki, Müsavat Məclisi yerli təşkilatların, Qadınlar, Gənclər qurumlarının sədrlərindən və qurultayda seçilmiş üzvlərdən ibarətdir. Partiya başqanı və sabiq başqan da Məclis üzvləridir.
Oktyabrın 13-də Müsavatın 9-cu qurultayı keçirilib, partiya başqanı, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilib.
Gizli səsvermədə Arif Hacılı qələbə qazanaraq ikinci müddətə başqanlıq hüququ əldə edib.
33 nəfər Məclisə, 9 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçilmək üçün kifayət qədər səs yığıb. Seçkilərin nəticələri partiya Məclisinin 19 oktyabr sessiyasında təsdiqlənəcək və boş yerlərə seçkilər keçiriləcək.
Məclisdə 27, Mərkəzi Nəzarət-Təftiş Komissiyasında 2 yer boş qalır. Novator.az-ın oktyabrın 18-də əldə etdiyi məlumata görə, Məclisə 48 nəfərin namizədliyi irəli sürülüb.
Məclis tam formalaşdıqdan sonra Divan seçiləcək. Partiya nizamnaməsinə görə, Divan partiyanın başqanından, Məclisin sədrindən və Məclisin müəyyən etdiyi sayda digər üzvlərdən ibarət olur.
1911-ci ildə qurulmuş Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub.
Altıncı başqan Arif Hacılı bu posta ilk dəfə 2014-cü ildə seçilib.