Novator.az rəsmi məşğulluq və işsizlik hesabatına nəzər salıb. Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu il oktyabrın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 195,3 min nəfər olub, onların 4 milyon 943,6 min nəfərini məşğul əhali təşkil edib.
Sentyabrın 1-nə muzdla işləyənlərin sayı 1 milyon 611,1 min nəfər göstərilib. İqtisadiyyatın neft-qaz sektorunda 34,7 min nəfərin, qeyri neft-qaz sektorunda 1 milyon 576,4 min nəfərin çalışdığı vurğulanır.
Hesabata əsasən, yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 8,9 faiz artaraq 141 min 949 olub.
Qeydiyyatda olan statistik vahidlərin 57,9 faizi Bakıda yerləşmir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı oktyabrın 1-nə 903 mini ötüb.
Məşğulluq xidməti orqanları 74 min 106 nəfəri işsiz kimi qeydiyyata alıb, Onların 603 nəfərinə sığorta ödənişi verilib, işsizlikdən sığorta ödənişinin orta məbləği 296,6 manat olub.
Bakıda 29 min 740 nəfərin işsiz kimi qeydiyyata alındığı bildirilir.
Sığorta ödənişi işçinin sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%-i, sığorta stajı 10 ildən yuxarı olduqda 60%-i məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilir.