Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə islahatların alternativinin olmadığını vurğulayıb: “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”.
Respublikaçı Alternativ Partiyasının katibi, hüquqşünas Erkin Qədirli özünün “Facebook” səhifəsində bu məsələyə toxunub. Novator.az-ın məlumatına görə, o prezidentin 15 oktyabr çıxışına və bu yaxınlarda baş naziri dəyişməsinə toxunaraq yazır: “Prezidentin “islahat söhbəti”nə çeşidli baxış bucaqlarından baxmaq, hətta ona bu məsələdə inanmamaq olar. Burası çox da önəmli deyil. Əsas odur ki, prezident özü dediklərinə inansın. Mən tənqidlərimi prezidentin öz dediklərinə inandığı gümanı ilə yazıram.
Prezident islahatdan danışırsa, onu etmək istəyir. İstəyirsə, çalışır. Çalışırsa, nəsə əldə edə bilir. Bu, çox bəsit gümanlar, işlək fərziyyələrdir. Hər halda bütün bunlar bekarçılıqdan edilmir. Prezidentin gördüyü işlərin arxasında xoş niyyət axtarmağa da gərək görmürəm, çünki bununla bağlı başqa bir gümanım var – islahat xoş niyyətdən deyil, ehtiyacdan doğur.
28 illik müstəqillik dönəmində ölkəmizdə 4 prezident və 11 baş nazir olub. Prezidentləri qoyaq bir qırağa, bu kontekstdə baş nazir vəzifəsi daha maraqlıdır. Ortalama götürsək, hər 2,5 ildən bir bizdə baş nazir dəyişib. Amma ortada Artur Rasizadənin 22 illik (1996-2018) baş nazir dönəmini görəndə səbəbin heç də kadrlarda (vəzifəni tutan adamlarda) olmadığını anlaya bilirik.
1991-1993-cü illərdə (Mütəllibov və Elçibəy dönəmlərində) ölkəmizdə 5 baş nazir olub – Həsən Həsənov, Feyruz Mustafayev (səlahiyyətləri icra edən), Rəhim Hüseynov, Əli Məsimli (səlahiyyətləri icra edən), Pənah Hüseyn.
Az bir müddətdə 2 prezident və 5 baş nazir yalnız bir cavabın doğru olduğunu bildirir – ölkədə böhran olub.
Mütəllibov da, Elçibəy də islahat etməyə çalışıblar. Nəsə alınıb, amma alınmayanlar daha çox olub. Səbəb bu iki prezidentin şəxsi keyfiyyətləridirmi? Şəxsi keyfiyyət maraqlı mövzudur, amma mənim yanaşmamda önəmli deyil. Ona qalsa, Heydər Əliyevin prezidentliyinin ilk 3 ilində 3 baş nazir olub (Sürət Hüseynov, Fuad Quliyev və Artur Rasizadə). İndi də İlham Əliyev son 1,5 il ərzində iki baş nazir təyin edib (Novruz Məmmədov və Əli Əsədov). Deməli, məsələ heç də şəxsi keyfiyyətlərdə deyil.
Bəs onda nədir? Sistem problemi. Sistemi dəyişməsək, bu problemlər qalacaq və təkrarlanacaq.
Artur Rasizadənin dönəmi (22 il) ölkəmizdə siyasi sabitliyin rəmzinə çevrilmişdi. 1996-cı ildə Heydər Əliyev bəlli bir siyasi sabitlik yarada bildi. Həmin sabitlik kiçik dəyişikliklər və ara-sıra yaranan problemlərlə uzun dönəm qaldı. Artur Rasizadənin vəzifədən çıxarılması özlüyündə sabitliyi pozmadı. Bununla belə, ondan sonra yaranmış durum “sınır halı”na oxşayır.
“Sınır halı” adlanan işlərdə problemə eyni inandırıcılıqla istənilən yöndəm vermək olur. Məsələn, belə: 1) islahat – idarə olunan böhrandır; 2) böhran – baş tutmamış islahatdır. İndi bizdəki durum hansındandır? İdarə olunan böhrandırmı, yoxsa baş tutmamış islahat?
Bu gün biz Mütəllibov və Elçibəy dönəmləri haqqında “baş tutmamış islahat” anlamında böhrandan danışa bilirik.
Heydər Əliyevin böhranları idarə edə bildiyini də gördük.
İlham Əliyev prezidentliyinin ilk iki müddətində (2003-2013) ancaq sabitlikdən danışırdı. 2013-2018 dönəmində “islahat söhbəti” kövrək bir şəkildə açıldı, amma bu haqda daha çox təbliğatçılar danışırdılar. 2018-dən bu yana islahat haqqında hamıdan çox danışan İlham Əliyevin özüdür. Bu, gedişatın maraqlı bir dönüş yeridir.
Baş nazir və bütövlükdə Nazirlər Kabineti indiki siyasi sistem üçün daşına biləcək yük deyil. Bu sistemi dəyişmək gərəkdir. Prezident respublikasında Nazirlər Kabinetinə yer yoxdur. Baş nazirləri dəyişməklə də yaxşı bir nəsə əldə olunası deyil. Belə sistemdə Nazirlər Kabineti əlavə xərc yaradır, problemləri çözmək yerinə onları çoxaldır, intriqalara yol açır…
Başqa sözlə, sistem problemidir, sistemi dəyişmək gərəkdir. Prezident respublikasında qalırıqsa, Nazirlər Kabineti ləğv olunmalı, Nazirlər Kabinetini saxlayırıqsa, parlament respublikasına keçməliyik. Onda islahatlar da asan və uğurla gedər”.