Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üzrə beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) regiona səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.
Novator.az-ın məlumatına görə, həmsədrlər ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birgə oktyabrın 15-i Yerevanda Ermənistanın baş naziri, xarici işlər naziri, müdafiə naziri; oktyabrın 16-sı Xankəndidə Dağlıq Qarabağ rejiminin rəhbərliyi; oktyabrın 17-si Bakıda Azərbaycan prezidenti, xarici işlər naziri, müdafiə naziri və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə münaqişənin dinc həlli məsələləri, atəşkəsin möhkəmləndirilməsi, xalqların sülhə hazırlanması üzrə səyləri müzakirə etdiklərini bildirirlər.
Beynəlxalq vasitəçilər qeyd edir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan 2019-cu ilin sonunda daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.
Nazirlərin son görüşü sentyabrın 23-ü Nyu-Yorkda keçirilib. Bu, Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın 8-ci görüşü olub. Əvvəlki görüşlər 2018-ci il iyulun 11-i Brüsseldə, sentyabrın 26-sı Nyu-Yorkda, dekabrın 5-i Milanda, bu il yanvarın 16-sı Parisdə, martın 28-i Vyanada, aprelin 15-i Moskvada, iyunun 20-si Vaşinqtonda baş tutub.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Minsk qrupunun ilk sədri (1992-1994) italyan Mario Rafaelli olub.
1994-cü ildə həmsədrlik institutu yaradılıb. İndiki həmsədrlərdən əvvəl bu diplomatlar vasitəçilik edib: İsveç – Yan Eliasson; Finlandiya – Rine Niberq; Rusiya – Vladimir Kazimirov, Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov; Fransa – Jak Blo, Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For; Pyer Andriyo; ABŞ – Stroub Telbott, Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland.