Sabiq səhiyyə naziri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibə verib.
Tibb elmləri doktoru olan Əli İnsanov səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
1946-cı ildə Ermənistanda anadan olan Əli İnsanov hakim Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
2005-ci ilin oktyabr ayında tutulub, iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı ilin avqustunda Əli İnsanova yeni cinayət işi qaldırılıb. İttihama görə, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
2017-ci il aprelin 26-da Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.
2019-cu il martın 17-də sabiq nazir əfv sərəncamı əsasında azadlığa buraxılıb.
“Amerikanın səsi”nə müsahibəsində Əli İnsanov yeni siyasi təşkilat quruculuğunun yekunlaşmaqda olduğunu vurğulayıb: “Biz görüşləri və müzakirələri, demək olar ki, başa çatdırmışıq. Siyasi qurumumuzu təsis etməyə hazırıq və hər an onu elan edə bilərik. Sadəcə, bir problemimiz var. Təşkilatın ofisi, yaxud da qərargahı olmalıdır. Hökumət buna mane olur, imkan vermir. Biz hələlik bir yer kirayələyə, tuta bilmirik. Bununla çox ciddi məşğuluq”.
Elektorat bazası ilə bağlı sualı cavablandıran sabiq nazir deyib ki, iqtidar qərbi azərbaycanlılardan çəkinir və ehtiyat edir: “Bu təbiidir. Çünki bu toplum siyasiləşmiş, böyük toplumdur və Azərbaycanın bütün şəhər və bölgələrində yaşayır. Onların sayı 3 milyondan artıqdır. Bu toplum olduqca cəsarətli, mübarizdir. Onların uzun illər, əsrlərlə ermənilərlə apardığı mübarizə geninə keçib. Həqiqətən də mübariz insanlar tutduğu yolda hər zaman qalib gəliblər, müsbət nəticələr əldə ediblər. Vaxtilə Azərbaycanda belə bir deyim var idi: “Azərbaycanda qərbi azərbaycanlıların dəstəyi olmasa heç kəs hakimiyyətə gələ bilməz, gəlsə də qala bilməz”. Yəni iqtidarın bu gün bu toplumdan ehtiyatlanmasında bir əsas görürəm. Bizim təşkilata da çoxlu qərbi azərbaycanlının gələcəyi gözlənir. Ancaq bu o demək deyil ki, təşkilatımız tək onlardan ibarət olacaq. Qərbi azərbaycanlılar bu saat Azərbaycandakı bütün siyasi qurumların tərkibində fəaliyyət göstərirlər. Bu da normal bir haldır. Başqa vətəndaşlarımız kimi onların da konstitusion hüquqlarından istifadə edib bizim təşkilata gəlmələri qanunidir”.
Əli İnsanov qeyd edib ki, bütün siyasi qurumlar ilk növbədə hakimiyyətə gəlmək uğrunda mübarizə aparırlar: “Ancaq Azərbaycanda hakimiyyətə gəlmək üçün lazımi şərait yoxdur. Yəni normal seçki mühiti, azad seçki yoxdur. Seçkilər saxtalaşdırılır. Onun üçün biz bu gün hələ Azərbaycanda seçki mühitinin yaradılması, cəmiyyətin demokratik bir cəmiyyətə çevrilməsi üçün mübarizə aparmalıyıq. Ondan sonra həqiqi demokratik seçkilər keçirilərsə, təbii ki, bu seçkilərdə iştirak etməyi planlaşdırırıq. Biz hakimiyyəti zorla devirməyin qəti əleyhinəyik. Ona görə də konstitusion yolla, Azərbaycan qanunları çərçivəsində azad seçki mühitini yaradaraq seçkilərdə iştirak etməyə hazırıq.
Azərbaycanda haqq-ədalət deyilən şeyin olmadığını hamı yaxşı bilir. Hər kəsin haqqı özünə qaytarılmalıdır. Ədalət bərqərar olmalıdır. İnsanlar azad və rahat yaşamalıdır, bütün hüquqlardan istifadə etməyi bacarmalıdır. Biz bunların hamısı üçün çalışacağıq.
Sosial sahədə çox ciddi işlər görmək lazımdır. İlk növbədə dövlət sektorunda təhsil tamamilə pulsuz olmalıdır. Saysız-hesabsız talantlı gəncimiz imkansızlıqdan təhsildən kənarda qalır.
Səhiyyədə tibbi sığorta bərqərar olmalıdır və bütün ölkədə tətbiq olunmalıdır. İnsanlar o sığorta hesabına heç bir əziyyət çəkmədən müalicə almalıdır.
Nəhayət, insanların maaşı və pensiyaları qaldırılmalıdır”.
Əli İnsanov mümkün hakimiyyət dəyişikliyi məsələsinə toxunaraq deyib ki, hakimiyyətə cəsarətli, xalqını sevən, problemləri heç nəyə baxmadan, heç nədən asılı olmadan həll edəcək insan gəlməlidir.
Sabiq nazir bütün müxalif siyasi qurumlarla çox yaxşı münasibətləri olduğunu qeyd edib: “Biz təşkilatımız elan olunandan dərhal sonra bütün müxalif qurumlarla əlaqələri daha da genişləndirib bir yerdə mübarizə aparmaq fikrindəyik. Biz bir məşvərət məclisinin yaradılması təşəbbüsü ilə çıxış edəcəyik. Bir yerdə olmasaq, xalqın istəyinə nail ola bilmərik. Hamını birliyə çağırıram.
Partiyamız elan olunmağa hazırdır. İqtidar imkan vermir ki, özümüzə ofis yaradaq. Hara gedirik, qoyub qaçırlar. Adımızı eşidən kimi hamı yalvarır ki, bizim yanımıza gəlməyin. Bunu gec-tez həll edəcəyik. Olmasa belə, bir parkda yığışacağıq. Bunun qarşısını almaq mümkün deyil. Ancaq təəssüf ki, hələ bu məsələ həll olunmayıb. Həll olunan günün sabahısı partiyamızı elan edəcəyik”.