AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Skofer və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Həmin gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri də Minsk qrupunun həmsədrləri ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, icmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb. O qeyd edib ki, Minsk qrupu münaqişənin həlli istiqamətində fəaliyyət göstərsə də, heç bir nəticə yoxdur: “Azərbaycan konkret nəticələr gözləyir. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil, Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir”.
Stefan Viskonti, İqor Popov, Endrü Skofer və Anjey Kasprşik oktyabrın 15-i Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanla görüşmüşdülər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc həlli məsələlərinin, o cümlədən cəbhə xəttində atəşkəsin möhkəmləndirilməsi, Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlanması üzrə səylərin müzakirə olunduğu açıqlanmışdı.
Beynəlxalq vasitəçilər oktyabrın 16-sı Xankəndidə Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla bir araya gəliblər.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.