Vəkil Nemət Kərimlinin açıqlamasından sonra məhbus jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması xahişi ilə dövlət başçısına müraciətlər ünvanlanmaqdadır.
Nemət Kərimli oktyabrın 15-də “Facebook” şəbəkəsində Əfqan Muxtarlının şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkdiyini bildirib, eyni zamanda 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Əfqanın və digər siyasi məhbusların əfv sərəncamı ilə azadlığa buraxılmasına çağırış edib.
Bu açıqlamadan sonra jurnalistlər Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi Günü ərəfəsində Əfqan Muxtarlını azadlığa buraxmağı xahiş ediblər.
Milli Məclisin üzvü Çingiz Qənizadə də Əfqan Muxtarlı kimi şəxslərin azad olunmasına məmnuniyyətlə razı olduğunu ifadə edib. O deyib ki, bu kimi şəxslərin həbsi Azərbaycan dövləti ilə beynəlxalq təşkilatlar arasında mübahisə predmetinə səbəb olur. Deputat hüquq müdafiəçilərinin jurnalistin azadlığa çıxması ilə bağlı müraciət edəcəyini deyib: “Bizim müraciətimizi cənab prezident hər zaman dəyərləndirir. Xüsusən indi Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıbsa, hüquq müdafiəçiləri də bununla bağlı xüsusi müraciət edəcəklər”.
Oktyabrın 16-da “Şərq tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyəti forumunun üzvü olan yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai fəallar və jurnalistlər prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını, beləliklə, sağlamlığında ciddi problemlər yaranmış jurnalistin uyğun tibb müəssisələrində müalicəsinə şərait yaradılmasını xahiş ediblər. Müraciəti Anar Məmmədli (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi), Aynurə Abdullayeva (“Yaşıl İşıq” Hərəkatı), Bəşir Süleymanlı (Vətəndaş Hüquqları İnstitutu), Bəxtiyar Hacıyev (İctimai Siyasət İnstitutu), Davud Məmmədov (ictimai fəal), Dilarə Əfəndiyeva (Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyəti), Elçin Abdullayev (Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi), Elçin Sultanov (Azərbaycan Ornitoloji Cəmiyyəti), Eldar Zeynalov (Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi), Əliməmməd Nuriyev (“Konstitutsiya” Araşdırılması Fondu), Əvəz Həsənov (Humanitar Tədqiqatlar İctimai Birliyi), Əvəz Zeynallı (jurnalist), Günel Səfərova (Vətəndaş Araşdırma və İnkişaf İctimai Birliyi), Himayət Rizvanqızı (“Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi), İlqar Hüseynli (Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzi), İlqar İbrahimoğlu (Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi), Kamran Mahmudov (jurnalist), Leyla Əliyeva (Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi), Mehman Hüseynov (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu), Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi), Natiq Cəfərli (Cümhuriyyət Araşdırmalar Mərkəzi), Qalib Toğrul (İqtisadi Tədqiqatlar Mərkəzi), Rafiq Təmrazov (Bərabər İmkanlar Mərkəzi), Rəsul Cəfərov (İnsan Haqları Klubu), Rövşən Novruzov (Gəncə Uşaq Fondu), Ruhəngiz Hüseynova (Qadınlar Arasında Həmrəylik), Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu), Samir Əliyev (İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi), Şəhla İsmayıl (Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti), Sevil Allahverdiyeva (Qadın Problemlərinin Tədqiqatları Mərkəzi), Sevil Yüzbaşeva (Eko-Aləm İctimai Birliyi), Tatyana Kryuçkina (jurnalist), Vüsalə Hüseynli (Demokratik İslahatçı Gənclər İctimai Birliyi), Xalid Ağalıyev (Media Hüququ İnstitutu), Xalid Vahidoğlu (Regional İnsan Hüquqları və Media Mərkəzi), Zaur Əkbər (Gənclər Klubu İctimai Birliyi), Ziya Quliyev (Hüquqi Təşəbbüslər Mərkəzi) imzalayıblar.
1974-cü il təvəllüdlü Əfqan Muxtarlı Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.