Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli 19 oktyabrı milli iradənin nümayişi günü sayır.
Ötən gün Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın oktyabrın 19-da keçirmək istədiyi mitinqlə bağlı müraciətinə cavab verib. Mitinqi saat 15-dən 17-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirmək məsləhət görülüb.
Bundan dərhal sonra Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli “Facebook” şəbəkəsində bəyan edib ki, mitinqi Lökbatanda yox, paytaxtın “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirəcəklər.
19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Milli Şura sentyabrın 28-də də həmin meydanlardan birində mitinq keçirməyi planlaşdırmışdı. Paytaxt rəhbərliyi onda da Milli Şuraya mitinqi Lökbatan qəsəbəsindəki stadionda keçirməyi məsləhət görmüşdü. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirmişdi.
2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiya keçirməyə icazə verməyib, sentyabr ayında isə Yasamaldakı İdman-Sağlamlıq Kompleksində təmirə başlandığı bəyan olunub.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində açıqlama yayan Cəmil Həsənli qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 19 oktyabr mitinqi üçün Lökbatanı ünvan göstərməsi səlahiyyət həddini aşmaqdır: “Bakı Şəhər İcra Hakimiyyəti konstitusiyanın ziddinə hərəkət edib. Konstitusiyanın 49-cu maddəsində göstərilir ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə (məhz xəbərdar etməklə), ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərti ilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var. Ana yasada hər şey çox açıq və aydın yazılıb və heç bir qanun, sərəncam, əsasnamə ondan üstün hüquqa malik ola bilməz. Hansısa məqamda ziddiyyət varsa, konstitusiya və onun sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsi üstün hüquqa malikdir.
Hakimiyyət dövlətin resurslarından öz məqsədləri üçün istifadə edərək bu “xəbərdarlıq” ifadəsini praktikada “icazə” ifadəsi ilə qeyri-qanuni əvəzləyib. Ötən dəfə izah edildi ki, Lökbatan şəhər deyil, hətta şəhərin bir hissəsi də deyil, şəhərdən 20-25 kilometr kənarda olan bir qəsəbədir. Milli Şuranın mitinqinə ünvan olaraq Lökbatanı göstərmək vətəndaşların, siyasi və ictimai qurumların sərbəst toplaşmaq hüququnu qadağan etmək cəhdidir. Bu addımı ilə hakimiyyət nəinki konstitusiyanı pozur, qüvvədə olan qanunlara məhəl qoymur, eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaları da kənara atmış olur.
Milli Şura 19 yanvar mitinqindən sonra 7 dəfə aksiya keçirmək müraciəti ilə şəhər icra hakimiyyətinə xəbərdarlıq göndərib. Bu məqsədlə şəhər icra hakimiyyətinin qarşısında piket keçirib. Lakin hakimiyyət heç bir məntiqə sığmayan və qanuna zidd cavabları ilə sərbəst toplaşmaq azadlığını qadağan edib. Bu vəziyyət uzun davam edə bilməzdi.
Milli Şura oktyabrın 19-da millətimizin sərbəst toplaşmaq haqqını təmin etmək üçün “28 May” metro stansiyasının qarşısına mitinq təyin edib və öncədən hakimiyyət orqanlarını xəbərdar edib. Aksiyanın təhlükəsizliyini təmin etmək hakimiyyət orqanlarının bilavasitə borcudur. 8 oktyabrın davamı 19 oktyabrda olacaq. Məhz həmin gün milli iradənin nümayişi günü olacaq!”
Cəmil Həsənli 1952-ci ildə anadan olub.
1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub.
Milli Şura həmin il yaradılıb. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.