Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Demokratik Qüvvələrin Milli Şurasına xəbərdarlıq edib.
Milli Şura oktyabrın 19-u paytaxtda mitinq keçirmək niyyətindədir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park. Müraciəti İbrahim İbrahimli, Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn, Rövşən Əhmədli, Tofiq Yaqublu və başqaları imzalayıb.
Bakı Şəhər İcra Hakimiyyəti isə mitinqi saat 15-dən 17-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb.
Bundan sonra Milli Şura bəyan edib ki, mitinq Lökbatanda yox, paytaxtın “28 May” metro stansiyasının qarşısındakı meydanda olacaq.
Oktyabrın 17-də mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar. Burada onları idarənin rəis müavini və Bakı şəhər prokurorun köməkçisi qəbul edib. Təşkilatçılara mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə keçirməmək barədə xəbərdarlıq olunub.
Bir neçə saat sonra isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığı yayılıb.
Novator.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığında Milli Şuraya daxil olan partiya və birliklərin, eləcə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin, bu partiyanın sədri Əli Kərimlinin, xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçilərinin “28 May” metro stansiyasının önündə aksiya keçirilməsi məqsədilə səsləndirdiyi çağırışlar qanunsuzluq kimi qiymətləndirilir. İddia olunur ki, Milli Şuranın oktyabrın 8-də Bakıda keçirdiyi aksiya zamanı da qanunsuzluğa yol verilib, həmin gün Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi razılaşdırılsa da faktiki olaraq küçə yürüşünə cəhd göstərilib: “Həmin hüquqazidd əməllərin qarşısı alınıb və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görülüb”.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bəyanatına görə, bütün bunlar göstərir ki, AXCP rəhbərliyinin və 8 oktyabrdakı aksiyanın digər təşkilatçılarının əsas məqsədi toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişi pozmaq olub.
Daha sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəyan edir ki, əgər 19 oktyabr mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda keçiriləcəksə, bunun məsuliyyəti aksiya təşkilatçılarının, o cümlədən AXCP rəhbərliyinin üzərinə düşəcək: “Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, hüquq mühafizə orqanları qanunsuz əməllərin qarşısını qətiyyətlə alacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək”.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.
2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiya keçirməyə icazə verməyib, sentyabr ayında isə Yasamaldakı İdman-Sağlamlıq Kompleksində təmirə başlandığı bəyan olunub.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən “28 May” metro stansiyasının qarşısındakı meydanı, Tofiq Bəhramov stadionunun qarşısındakı meydanı və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı parkı istəyib. Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub.
Milli Şura aksiyalara gediş-gəlişin rahat olduğu meydanın ayrılması tələbi ilə oktyabrın 8-i Bakının mərkəzində piket və yürüş keçirib.