Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da keçirmək istədiyi mitinqlə bağlı müraciətinə cavab verib. Meriya mitinqi saat 15-dən 17-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb.
Bundan dərhal sonra AXCP sədri Əli Kərimli “Facebook” şəbəkəsində bəyan edib ki, mitinqi Lökbatanda yox, paytaxtın “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirəcəklər. “Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola bilməz” yazan Əli Kərimli ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini və vaxtını dəyişmək hüququ olmadığını vurğulayıb və bildirib ki, 19 oktyabr mitinqi saat 15-də “28 May” metrosunun qarşısındakı meydanda təşkil ediləcək.
Novator.az xatırladır ki, 19 oktyabr mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərkən Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəmişdi: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Milli Şura sentyabrın 28-də də həmin meydanlardan birində mitinq keçirməyi planlaşdırmışdı. Paytaxt rəhbərliyi onda da Milli Şuraya mitinqi Lökbatan qəsəbəsindəki stadionda keçirməyi məsləhət görmüşdü. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirmişdi.
Demokratik Qüvvələrin Milli Şurası 19 oktyabr aksiyasını Lökbatan qəsəbəsində keçirmək niyyətində olmadığını meriyanın cavabından iki gün qabaq bəyan etmişdi. AXCP sədri Əli Kərimli oktyabrın 14-də xaricdən internetlə yayılan “Osmanqızı TV”yə müsahibəsində demişdi ki, mitinqə razılıq verilməsə və ya mitinqin yenə şəhər mərkəzindən uzaqda keçirilməsinə razılıq verilsə, Milli Şura aksiyanı “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirəcək. AXCP sədri bunun qanuna zidd olmadığını iddia etmiş, bildirmişdi ki, etiraz vətəndaşların konstitusion hüququdur və onlar konstitusiyaya uyğun olaraq hökuməti aksiya barədə qabaqcadan xəbərdar ediblər. Əli Kərimlinin sözlərinə görə, bu xəbərdarlıq hətta Bakı Şəhər İcra Hakimiyyəti razılıq vermədiyi halda da mitinq keçirməyə qanuni əsas yaradır.
Bakı Şəhər Baş Polis İdarəsi isə oktyabrın 15-də xəbərdarlıq edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq.
2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiya keçirməyə icazə verməyib, sentyabr ayında isə Yasamaldakı İdman-Sağlamlıq Kompleksində təmirə başlandığı bəyan olunub.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.