Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı sammitinə gələn qonaqlar oktyabrın 14-də prezident İlham Əliyevlə görüşlər keçiriblər.
2009-cu il oktyabrın 3-ü Naxçıvanda imzalanmış sazişlə yaradılan təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan daxil olub. Bu il quruma Özbəkistan da qoşulub. Macarıstan Türk Şurasında müşahidəçidir.
Özbəkistan prezidenti Şövkət Mirziyayevlə görüşündə İlham Əliyev deyib ki, bu ölkənin Türk Şurasına qoşulması müdrik qərardır: “Buna görə Sizə təşəkkür etmək və Türk Şurası üzvlərinin ümumi məmnunluğunu bildirmək istərdim. Biz bunu tarixi hadisə hesab edirik, bu, heç şübhəsiz, bizim həmrəyliyimizi, qarşılıqlı əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcək”.
Şövkət Mirziyayev söhbət zamanı Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. Biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir”.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qırğızıstan prezidenti Sooronbay Jeenbekovla görüşündə İlham Əliyev bunları qeyd edib: “Bizim üçün Qırğızıstan qardaş ölkədir, yaxşı dost, tərəfdaşdır. Əminəm ki, əlaqələrimiz gələcəkdə yalnız möhkəmlənəcək.
Sizə Türk Şurasına səmərəli sədrliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycan estafeti Qırğızıstandan qəbul edir. Biz gələn il ərzində ölkələrimiz arasında həmrəyliyi, qarşılıqlı dəstəyi möhkəmləndirməyə, həmçinin əməkdaşlığımızı real məzmunla zənginləşdirməyə səy göstərəcəyik”.
Macarıstanın baş naziri Viktor Orbanla görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün Macarıstanın göstərdiyi dəstək yüksək qiymətləndirilib, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev Qazaxıstanın sabiq prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevlə də bir araya gəlib. Nursultan Nazarbayev deyib ki, Türk Şurasına fəxri sədrliyi məmnuniyyətlə qəbul edir: “Bizim dövlətlərimizin münasibətlərinin möhkəmlənməsinə, türkdilli ölkələrin birgə inkişafına kömək etmək istəyirəm. Artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır”.
Həmin gün İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dövlət və hökumət başçıları ilə birgə şam ediblər.