Müsavat Partiyasının 9-cu qurultayı arxada qalıb. Oktyabrın 13-ü Bakının 7-ci mikrorayonundakı “Büllur” sarayında keçirilən qurultayda partiya başqanı, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilib.
Başqan postuna partiya lideri Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqov namizəd olublar. Gizli səsvermədə Arif Hacılını 262, Tofiq Yaqublunu 51, Yadigar Sadıqovu 20 nümayəndə dəstəkləyib. Beləliklə, Arif Hacılı ikinci müddətə başqanlıq hüququ əldə edib.
Məclisə və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçkilərin nəticələri bu həftə elan olunacaq.
Novator.az bildirir ki, 1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.
1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.
1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub.
2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.
2014-cü ilin sentyabr ayında başqan seçilib.
Arif Hacılı Müsavatın altıncı başqanıdır.
1911-ci ildə qurulmuş Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub.
Müsavatın nizamnaməsinə görə, eyni şəxs ardıcıl iki müddətdən artıq başqan seçilə bilməz.