Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin oktyabrın 11-də yaydığı məlumata görə, Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibində müəyyən edilib ki, beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub: “Bəhram Güləliyev barəsində cinayət işi başlanıb, o, beynəlxalq axtarışa verilib, Pakistanda saxlanaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib. Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.
Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanıblar.
Həmçinin beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə Azərbaycan vətəndaşlığından məhrum edilmiş 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib.
Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb ediliblər, barələrində həbs qətimkan tədbiri seçilib”.