Müsavat Divanının üzvü, başqanlığa namizəd Yadigar Sadıqov partiyanın sabiq başqanı, hazırda Məclis üzvü olan İsa Qəmbərin açıqlamasına münasibət bildirib.
Oktyabrın 12-si Müsavatın 9-cu qurultayı keçirilməli, partiya başqanı seçilməlidir. Bu posta Yadigar Sadıqovla yanaşı indiki başqan Arif Hacılı və Divan üzvü Tofiq Yaqublu namizəddir.
Oktyabrın 9-da İsa Qəmbər özünün “Facebook” səhifəsində yaydığı açıqlamada 9-cu qurultayın nümayəndələrini Arif Hacılıya səs verməyə çağırıb.
Novator.az-ın məlumatına görə, Yadigar Sadıqov bu açıqlamaya münasibətini də “Facebook” şəbəkəsində ifadə edib. Bildirib ki, məhz onun və Tofiq Yaqublunun başqanlığa namizəd olmaları son illər ərzində ilk dəfə Müsavatı gündəmə gətirib: “Son günlər vətəndaşlarımızın Müsavat sevgisinin yenidən təzahür etdiyini gördüm. Neçə vaxtdır mən bu təzahürə təşnə idim. Ancaq iradlar, ittihamlar, etimadsızlıqla üzləşirdim. Belə münasibət məni çox ağrıdırdı. Canım Müsavat buna layiq deyildi.
Namizədliyimi bəyan edəndə isə gördüm ki, yox, insanımız Müsavatı sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş söz oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavatın tarixində tamamilə yeni bir səhifə açacaq.
Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxu üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemə qalibiyyət çox müşkül görünür.
Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa “bacardığımı etdim” düşüncəsi ilə vicdanı rahat yaşamaq istəyirəm, “bəlkə…” sualı qarşısında əzab çəkmək istəmirəm”.
Yadigar Sadıqov İsa Qəmbərin mövqeyinin onun üçün gözlənilməz olmadığını da vurğulayıb.
1968-ci ildə Lənkəran şəhərində anadan olan Yadigar Sadıqov Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib.
2000-ci ildən Müsavat Partiyasının üzvüdür, Lənkəran təşkilatının sədri, başqanın müşaviri olub, 2013-2016-cı illərdə həbsdə yatıb.
2014-ci ildə həbsdə olarkən Yadigar Sadıqov başqan müavini postuna təyin edilib. 2018-ci ildə Yadigar Sadıqov həmin vəzifədən istefa verib, buna başqan Arif Hacılı ilə fikir ayrılığının səbəb olduğunu bəyan edib.
1911-ci ildə yaradılan Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində (1920-1991) mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, o vaxtdan 2014-cü ilədək Müsavata İsa Qəmbər başqanlıq edib.
2014-cü ildə keçirilən 8-ci qurultayda Arif Hacılı başqan seçilib.
Müsavatın qurultay günü bilindi
Tofiq Yaqublu başqan olmaq istəyir
Yadigar Sadıqov: “Mənim başqan seçilməyim…”
İsa Qəmbər namizədlik haqda nə düşündüyünü açıqladı
Arif Hacılı iki yeri nişan verir
6-cı başqan ikinci müddətə gedir
Müsavat cavab gözləyir. Yeni təklifi də var
Müsavatın qurultay üçün yer müraciətinə cavab verildi