Bakı Şəhər Baş Polis İdarəsi Demokratik Qüvvələrin Milli Şurasının 8 oktyabr aksiyası ilə bağlı açıqlama yayıb.
Paytaxtın icra hakimiyyəti ilə razılaşmaya əsasən, həmin gün saat 15-dən 16-dək meriyanın binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında piket olub.
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanun piketə 50 nəfərlik hədd qoyur. Bu səbəbdən polis aksiya məkanına hamını buraxmayıb, piketdə iştirakına icazə verilməyən şəxslər şəhərin mərkəzi küçələrində yürüş keçiriblər.
8 oktyabr aksiyasına Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev, Rövşən Əhmədli, Vahid Məhərrəmli, AXCP funksionerləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, İlham Hüseyn, partiyanın fəalları və başqa şəxslər qatılıblar.
Aksiyada dinc toplaşmaq azadlığına maneələrə son qoyulması tələb olunub.
Paytaxt polisinin 8 oktyabr aksiyası barədə açıqlamasında qeyd olunur ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib: “Müraciətə baxılıb, toplantının təşkilatçıları tədbirin oktyabrın 8-i saat 15-dən 16-dək Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirilməsi barədə məlumatlandırılıb.
Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub, aidiyyəti qanunvericilik aktlarının tələbləri, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar ediliblər.
Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq çağırışları edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər.
Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib.
İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb.
Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üstündə soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək”.
2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif təşkilatlara (Milli Şura, Müsavat Partiyası, Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı) orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda (28 May küçəsi) keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub, mitinq təxirə salınıb. Milli Şura gediş-gəlişin rahat olduğu meydan istəyir və 8 oktyabr piketini də bu tələblə keçirib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. O, Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzinin üzvüdür.
Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları da yer alır.