Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksində onmərtəbəli 13 bina, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri var. Ərazidə istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də 3 idman meydançası inşa olunub.
Oktyabrın 8-də kompleksin açılışına qatılan prezident İlham Əliyev Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olub. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşdə deyib ki, keçən il istifadəyə verilən “Qobu-1” yaşayış kompleksində 1000-dən çox ailə yaşayır: “Burada 1300 ailə və “Qobu-3” yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi – yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb.
Hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, – yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, – onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər var, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni bu əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var.
Ancaq əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik. Vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb – Cocuq Mərcanlı qəsəbəsi. Evlərlə təmin edilmiş soydaşlarımız böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüzü bütün dünya tanıyır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”.
Prezident qeyd edib ki, cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşma var: “Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası, tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” klubunun panelində dedim (Nida işarəli çıxış) və bunu bütün dünya eşitdi. İşlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki əks arqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər – münaqişə ilə bağlı məlumat olmayan dövrdə bütün yalanları yayırdılar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquqla tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.