Oktyabrın 8-də Milli Məclis prezident İlham Əliyevin təqdimatına baxaraq Əli Əsədovun baş nazir vəzifəsinə təyinatına razılıq verib.
APA-nın məlumatına görə, Milli Məclisin iclasında çıxış edən Əli Əsədov deyib: “Bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.
Konstitusiyaya görə, prezident baş naziri Milli Məclisin razılığı ilə təyin edir.
Baş nazir prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetinin rəhbəri sayılır. Nazirlər Kabinetinə baş nazirin müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.
Novator.az bildirir ki, 1956-cı il noyabrın 30-u Naxçıvan şəhərində anadan olan Əli Əsədov Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifələrində işləyib, 2017-ci ildə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.
2018-ci il aprelin 21-dən baş nazir postunu Novruz Məmmədov tutub. Parlamentin 8 oktyabr iclasında danışan Milli Məclisin sədri Oqtay Əsədov Novruz Məmmədovun vəzifədən getmək üçün prezident İlham Əliyevə müraciət etdiyini deyib.