Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 8-i Bakının mərkəzində aksiya keçirib.
Paytaxtın icra hakimiyyəti ilə razılaşmaya əsasən, saat 15-dən 16-dək meriyanın binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında piket olub.
Polis etirazçıların hamısını aksiya məkanına buraxmayıb. Piketdə iştirakına icazə verilməyən, əslində piketə deyil, onu müşahidə etməyə gəldiklərini bildirən şəxslər AXCP funksioneri Fuad Qəhrəmanlının başçılığı ilə şəhərin mərkəzi küçələrində dinc, şüarsız yürüş keçiriblər.
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, piket düzəldənlər 50 nəfərdən çox olmamalı, maksimum 10 vatt gücündə olan qurğulardan istifadə etməlidirlər.
Novator.az-ın məlumatına görə, 8 oktyabr piketində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev, Rövşən Əhmədli, AXCP sədrinin müavini Vahid Məhərrəmli, AXCP funksionerləri Məmməd İbrahim və İlham Hüseyn çıxış ediblər.
Aksiyanın qətnaməsini İbrahim İbrahimli oxuyub. Qətnamədə dinc toplaşmaq azadlığına maneələrə son qoyulması tələb olunur.
AXCP sədri Əli Kərimli Milli Şuranın növbəti mitinqinin oktyabrın 19-na təyin edildiyini açıqlayıb. O, “Facebook” şəbəkəsində 8 oktyabr aksiyasının yüksək səviyyədə baş tutduğunu yazıb: “Piketdə iştirak və aksiyanı müşahidə etmək üçün minlərlə insan gəlmişdi. Onlar piketdə iştirak edə bilməsələr də, piketin tələbləri ilə həmrəy idilər. Bu qədər insanın piketdə iştirak etməyə can atması və ya kənardan dəstəyini ifadə etməsi hakimiyyətə ciddi mesajdır.
Möhtəşəm aksiyanın müəllifi olan xalqımızın davranışı təqdirəlayiq idi. Minlərlə insan bir tərəfdən heç nədən çəkinmədən şəhərin mərkəzində sərbəst toplaşmaq azadlığı tələbi ilə həmrəy olduğunu ifadə etdi, digər tərəfdən isə heç bir təxribat və zorakılıq üçün bəhanə vermədi.
Hakimiyyət 19 oktyabr mitinqi ilə razılaşmalıdır. Bugünkü aksiya sübut etdi ki, bu artıq təkcə müxalifətin deyil, xalqın tələbidir”.
2013-cü ildən Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirilib. Burada sonuncu mitinq 2019-cu il yanvarın 19-da olub. Həmin mitinqi Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif təşkilatlara (Milli Şura, Müsavat Partiyası, Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı) orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda (28 May küçəsi) keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub, mitinq təxirə salınıb. Milli Şura gediş-gəlişin rahat olduğu meydan istəyir və 8 oktyabr piketini də bu tələblə keçirmək qərarına gəlib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. O, Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzinin üzvüdür.
Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları da yer alır.