Müsavat başqanı Arif Hacılı sentyabrın ortalarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi müraciət edərək partiyanın 9-cu qurultayına yer ayrılmasını istəmiş, 400-500 nəfərlik bu tədbir üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və ya Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Evinin daha münasib olduğunu bildirmişdi. Sonradan partiya şadlıq saraylarının birində də qurultay keçirməyə hazır olduğunu bəyan etmişdi.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın müraciətini oktyabrın 7-də cavablandırdı. Rəsmi cavabda sahibi ilə müvafiq razılıq əldə ediləcəyi təqdirdə qurultayın oktyabrın 12-si 7-ci mikrorayondakı “Büllur” şadlıq sarayında keçirilməsinə etiraz olunmadığı vurğulandı.
Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi cavabı açıqlanandan az sonra “Büllur” şadlıq sarayının müsavatçılara yer ayırmaqdan imtina etdiyi üzə çıxdı.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində bu məsələ haqda qeydlərini paylaşan Arif Hacılı yazır: “Müsavat Partiyasının qurultayına yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Bir neçə yer nümunə göstərməklə bizə 400-500 nəfərlik iclas zalı verilməsini xahiş etmişik. Üstündən üç həftə keçdikdən sonra bizə verilən müsbət cavabı bir şadlıq sarayı rəhbərliyi rədd edir. “Siyasi partiyalar haqqında qanun”a əsasən, qurultayımıza yer ayrılması hökumətin, bu halda Bakı Şəhər İcra Hakimiyyətinin borcudur, vəzifəsidir. Eldar Əzizova müraciət edirəm ki, öz vəzifə borcunu yerinə yetirsin”.
Müsavatın sabiq başqanı İsa Qəmbər özünün “Facebook” səhifəsində yazır ki, partiyanın 9-cu qurultayına maraq gündən-günə artır: “Yalnız bir neçə yüz qurultay nümayəndəsi deyil, yalnız minlərlə müsavatçı deyil, yalnız yüz minlərlə Müsavat tərəfdarı deyil, demokratik ictimaiyyət də, müttəfiqlər və rəqiblər də, hakimiyyət də qurultay hazırlıqlarını və xüsusən seçki prosesini diqqətlə izləyir.
Bu diqqət anlaşılandır. 100 illik Müsavat Partiyasının Azərbaycanımızın dünəni, bu günü və sabahı olması – etiraf etsələr də, etməsələr də – heç kimə sirr deyil. Hələ 1992-ci ildə Müsavat Partiyasının ölkəmizdə fəaliyyətini bərpa edən 3-cü qurultayından başlamış bütün qurultaylarımız xalqımızın diqqət mərkəzində olub.
Müsavat Partiyasının seçki islahatları və seçki təcrübələri isə qurultaylarımıza və bütövlükdə partiyamıza marağı daha da artırıb. 2000-ci ildə parlament seçkisi ərəfəsində namizədlərin proporsional siyahıda sıralanmasını müəyyənləşdirmək üçün keçirdiyimiz partiyadaxili praymeriz bütün ölkəyə səs salmışdı.
2006-cı ildə Müsavat Məclisi sədri vəzifəsinə keçirdiyimiz seçki də ölkədə böyük maraqla izlənmişdi.
Bu baxımdan 2014-cü ildə keçirdiyimiz 8-ci qurultay ictimai marağın zirvəsi oldu. Bu da anlaşılan idi! Xüsusən Azərbaycan kimi avtoritar bir ölkədə, seçkilərin əvvəl total şəkildə saxtalaşdırıldığı, son 10 ildə isə seçkinin bir institut olaraq məhv edildiyi ölkədə bir partiyanın azad və ədalətli seçki keçirməsi diqqət mərkəzində olmaya bilməzdi.
Bəli, bundan qürur yaşayanların da, narahatlıq yaşayanların da bir daha yadına salıram: Müsavat Partiyası Azərbaycanda fəaliyyətini bərpa edən gündən bütün partiyadaxili seçkiləri gizli səsvermə ilə keçirən yeganə siyasi partiyadır.
Müsavat Partiyası namizədləri öncədən bəyan edilən, bəlli bir müddətdə bərabər imkanlarla seçki yarışı aparan, namizədlərin lehinə və əleyhinə təbliğata şərait yaradılan yeganə siyasi partiyadır.
Müsavat Partiyası namizədlərin birlikdə razılaşdırdığı, tərkibinə öz təmsilçilərini tam hüquqlu üzv kimi təyin etdiyi seçki komissiyasının rəhbərliyi altında seçki keçirən yeganə siyasi partiyadır.
Müsavat Partiyası gizli səsverməni təmin etməklə yanaşı səslərin sayılmasında maksimum şəffaflıq yaradan, bunu televiziya kanallarının kameralarının işığı altında gerçəkləşməsinə imkan verən yeganə siyasi partiyadır.
Bu dəfə isə Müsavat Partiyasının daxili seçkilərində ilk dəfə olaraq bütün kanallar və jurnalistlərin iştirakı ilə namizədlərin debatı keçiriləcək.
Bir qədər qeyri-təvazökar olsa da əlavə edim ki, 2014-cü ildə başqanlığa namizəd olmamağım da bir ilk idi. Mən başqaları kimi yorulduğum, bezdiyim, çəkindiyim üçün deyil, nizamnamə tələbinə uyğun olaraq eyni şəxsin ardıcıl olaraq 3-cü dəfə rəhbərliyə iddia etməsinin yolverilməzliyinə görə namizədliyimi irəli sürmədim.
Bütün bunlara görə də hakimiyyətin və rəqiblərdən bəzilərinin qurultayımıza maraq və diqqətlə kifayətlənməyib hətta bəzən müdaxilə etməsinə və nəticələrə təsir göstərməyə çalışmasına təəccüblənmirəm.
Çünki onlar görürlər ki, getdikcə daha çox adam öz partiyalarında da seçkilərin gizli səsvermə və şəffaf səs sayma ilə keçirilməsini tələb edir və edəcək.
Çünki onlar görürlər ki, xalqın ölkədəki saxta seçkilərə və eyni adamın təkrar-təkrar rəhbərliyinə yox deyəcəyi gün uzaqda deyil.
Hakimiyyətin Müsavat namizədlərinin görüşlərinə yaratdığı maneələr, qurultaya yer ayrılmasına göstərdiyi müqavimət də bu narahatlığın etirafıdır.
Ancaq narahatlığın faydası olmayacaq. Qorxunun əcələ faydası yoxdur. Müsavat nümunəsi ümumbəşəri prosesin tərkib hissəsidir və yalnız Azərbaycana deyil, bütün postsovet məkanına örnəkdir”.
1911-ci ildə yaradılan Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində (1920-1991) mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997-ci illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.
Müsavatın nizamnaməsinə 2001-ci ildə edilən dəyişikliyə görə, eyni şəxs ardıcıl iki müddətdən artıq başqan seçilə bilməz. İsa Qəmbər 2001 və 2006-cı illərin qurultaylarında başqan seçildikdən sonra 2014-cü ildə keçirilən 8-ci qurultayda namizəd olmayıb. Həmin qurultaydan bəri partiyaya Arif Hacılı başqanlıq edir.
9-cu qurultayda partiya başqanı, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilməlidir. Başqan postuna partiyanın indiki lideri Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqov namizəddir.
Müsavatın qurultay günü bilindi
Tofiq Yaqublu başqan olmaq istəyir
Yadigar Sadıqov: “Mənim başqan seçilməyim…”
İsa Qəmbər namizədlik haqda nə düşündüyünü açıqladı
Arif Hacılı iki yeri nişan verir
6-cı başqan ikinci müddətə gedir