“Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır”. Oktyabrın 3-ü Rusiyanın Soçi şəhərində, “Valday” beynəlxalq diskussiya klubunun iclasında çıxış edən prezident İlham Əliyev belə deyib. Azərbaycanın Rusiya ilə əlaqələrindən danışan dövlət başçısı daimi diskussiyaların mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olduğunu vurğulayıb: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın, çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilib. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.
Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı.
BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə – qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.
Prezident çıxışının Dağlıq Qarabağa aid hissəsini belə bitirib: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya həm Aran, həm də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida”.
“Valday” beynəlxalq diskussiya klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib, ad da buradan götürülüb.