Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2 oktyabr iclasında “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda hesabat müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışında Ermənistandan və ona bağlı terror təşkilatlarından söz açıb: “Terror hədəfinə çevrilmiş bir insanı da, bir neçə nəfəri də mütləq müdafiə etmək, dəstəkləmək, onlara qayğı göstərmək lazımdır. Lakin terrora məruz qalan bütöv bir xalq, bütöv bir ölkədirsə, onu qorumaq və dəstəkləmək üçün səylər daha mütəşəkkil, daha sistemli, daha miqyaslı olmalıdır. Azərbaycan sadəcə ayrı-ayrı fərdlərin, yaxud qruplaşmaların deyil, bütöv dövlətin törətdiyi genişmiqyaslı və on illərlə davam edən müdhiş terrorun hədəfi və qurbanı kimi bu ağrılı mövzunu qəlbinə çox yaxın tutur.
Dünyada məşhur olan erməni terror şəbəkəsinin “ASALA”, “Haydut”, “Hnçaq” kimi köhnə qaniçən birləşmələrinin sırasına 1980-1990-cı illərdə Fransada, İsveçrədə, Rusiyada və digər ölkələrdə yaradılaraq saysız qanlı cinayətlər törətmiş “9 iyun qrupu”, “İntiharçılar eskadronu”, “Erməni birliyi”, “Erməni azadlıq hərəkatı”, “İsveçrə qrupu”, “Geqaron”, “Apostol” və digərləri əlavə edilib.
Avropa Şurasının üzvü olan Ermənistanın terrorizmi dövlət siyasətinin tərkib hissəsinə çevirdiyinin sübutları göz önündədir. Qərbi Avropada “ASALA inqilabi hərəkatı” adlı terror qruplaşmasının rəhbəri, bütün başqa qəddar cinayətlərindən savayı 1983-cü ildə Parisin hava limanında törətdiyi, müxtəlif ölkələrin vətəndaşı olan 8 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən terror aktına görə Fransada məhkum edilmiş Monte Melkonyan rəsmən Ermənistanın Milli Qəhrəmanı elan edilib, Yerevanda onun abidəsi və adına küçə var.
Fransada, Macarıstanda, Azərbaycanda onlarca insanın ölümü ilə nəticələnmiş silsilə terror aktları törətmiş Vazgen Sislyan Ermənistanda qəhrəman elan edilib. Parisdə törətdiyi, fransız vətəndaşların da həlak olduğu dəhşətli terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyan Ermənistanda qəhrəman adına layiq görülüb. Nasist Qaregin Njdeyə Yerevanda abidə qoyulması da bu dövlətin terrorizmlə birgə olması, məhz terrorçuları əsl qəhrəmanlar deyə qəbul etməsi və dəstəkləməsinə əyani sübut deyilmi?
Dəhşətləri etibarilə ikinci Holokost adlandırılan Xocalı qırğınını dünyanın bir çox dövlətləri və bir sıra ölkələrin parlamentləri rəsmən soyqırımı aktı kimi tanıyırlar. Ermənistanın iki sabiq prezidentinin bu soyqırımının bilavasitə iştirakçısı olması, xarici mətbuata verdikləri müsahibələrdə bununla fəxr etdiklərini açıqca bəyan etmələri bu dövlətin terrorla nəfəs almasına ən əyani göstərici deyilmi?”
AZƏRTAC-ın məlumatına görə, Sahibə Qafarova Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini vurğulayıb: “Azərbaycan XX əsrin əvvəllərindən qonşu Ermənistanın terror hücumlarına məruz qalıb. Hələ ötən əsrin əvvəllərində – 1905-1907 və 1918-1920-ci illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi terror aktları həyata keçiriblər. Həmin hadisələrdə erməni terrorçuları qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetiriblər. 1980-ci illərin sonundan Azərbaycan yenidən erməni terrorunun əsas hədəfinə çevrilib. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğalı və minlərlə insanın, o cümlədən qadın və uşaqların öldürülməsi, 1 milyondan çox insanın doğma torpaqlarını və evlərini tərk etmək məcburiyyətində qalması ilə nəticələnib.
BMT, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı qətnamələr qəbul edib. Həmin sənədlərdə Azərbaycan ərazilərinin işğalı və Ermənistanın etnik təmizləmə siyasəti pislənir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq Ermənistan bu qətnamələrə məhəl qoymayıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması istiqamətində heç bir iş görməyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın öz ölkəsində, habelə Azərbaycanın işğal olunmuş torpaqlarında populist çıxışı, “Qarabağ Ermənistanın bir hissəsidir” kimi absurd sözləri və BMT-də son çıxışı aydın şəkildə göstərir ki, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir”.
Sevinc Fətəliyeva deyib ki, Azərbaycan terrorizmdən əziyyət çəkir: “1980-ci illərin sonundan erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizin nəqliyyat sistemində və digər ictimai obyektlərində 32-dən çox terror aktı törədiblər. Minlərlə günahsız insan bu hücumların qurbanları olub.
ASALA qrupunun iştirakı ilə günahsız insanlara qarşı törədilən Xocalı soyqırımı Ermənistanın milli səviyyədə terror siyasəti yürütməsinin ən bariz nümunəsidir. Xocalı qətliamında öldürülən 613 nəfər arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 487 mülki şəxs əlil olub, 1275 günahsız sakin girov götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
1994-cü il martın 19-u və iyulun 3-ü Bakı metrosunda mülki şəxslərə qarşı terror aktları törədilib. Birinci hadisə nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İkinci terror aktı zamanı 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoydu. 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış oyuncağın partlaması səbəb oldu. 2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperin atəşi nəticəsində öldürüldü. Bu uşaqlar terrorun qurbanlarıdır”.
Elşad Həsənov deyib ki, 1990-cı illərin əvvəllərində erməni hərbi birləşmələri və terror qruplaşmaları Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı rayonları işğal ediblər: “Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, 1 milyondan çox insan qaçqın və köçkün vəziyyətinə düşüb. Terror qurbanları problemi Azərbaycanın müasir tarixinin bir hissəsidir. Bu insanlar uzun illərdir ləyaqətləri və insan hüquqları uğrunda mübarizə aparırlar”.
1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Üzv ölkələrin parlament üzvlərindən ibarət AŞPA qurumun əsas institutlarından biridir.