Dövlət Neft Şirkətinin açıqlamasına əsasən, Təhlükəsizlik İdarəsinin əməkdaşları sentyabrın 28-də Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsində qanunsuz inşaat işlərinin qarşısını alıb. Bu zaman bir qrup Qarabağ müharibəsi əlili ilə toqquşma olub.
İqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu özünün “Facebook” səhifəsində mənzilin məhkəmə qərarı olmadan sökülməsinə cəhdi pisləyib və diqqəti müharibə əlillərinin evlə təminatı məsələsinə yönəldib.
Novator.az-ın məlumatına görə, ekspert yazır: “Dövlət Neft Fondu (DNF) qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması layihəsinə 2001-2018-ci illərdə ümumilikdə 2 milyard 302,7 milyon manat vəsait ayırıb və bu vəsait hesabına 33 min 781 ailə üçün fərdi evlərdən ibarət 71 qəsəbə, habelə çoxmərtəbəli binalardan ibarət 17 məhəllə və sosial-infrastruktur obyektləri tikilib. 2019-cu ildə bu məqsədlə 200 milyon manat nəzərdə tutulub. 2001-ci ildən indiyə qədər mənzil tikintisinə 2,5 milyard manatdan çox vəsait xərcləyən ölkədə Qarabağ qazilərinə mənzil vermək olmazdımı? Biz toplum olaraq Qarabağ qaziləri üçün torpaq ayrılmasına və onlara ev tikilməsi üçün DNF-dən vəsait ayrılmasına nail olmalıyıq.
Bakının Nərimanov rayonunda 270 nəfər, Binəqədi rayonunda 248 nəfər, Yasamal rayonunda 165 nəfər, Nizamı rayonunda 159 nəfər, Nəsimi rayonunda 144 nəfər, Səbail rayonunda 127 nəfər, Qaradağ rayonunda 74 nəfər Qarabağ müharibəsi əlili, şəhid ailəsi və digər imtiyazlı qruplar mənzil növbəsi gözləyir. Onların arasında ən gəncinin 50 yaşı var, əksəriyyəti 60 yaşa çatıb. Görəsən, onlara nə zaman mənzil veriləcək, yoxsa gözlədirlər ki, son mənzilə yola salsınlar?”