Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Şəfəq Ağacanın bir neçə gündür aclıq aksiyasına başladığı bildirilir.
Xəbəri Şəfəq Ağacanın təsisçisi və baş redaktoru olduğu Bakupress.az saytı yayıb.
Şəfəq Ağacan mayın 1-i Bakıda tutulub. İttihama görə, o, paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında çəkisi 311 qramdan çox olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən yaxalanıb.
Jurnalist ittihamları qəbul etmir, şərləndiyini deyir.
Mayın 3-ü Xətai Rayon Məhkəməsi Şəfəq Ağacan barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Sonradan istintaq orqanının vəsatəti əsasında rayon məhkəməsi həbs müddətini 2 ay uzadıb. Həmin qərardan sonra Şəfəq Ağacanın həbs müddəti oktyabrın əvvəlində başa çatmalı idi.
Lakin sentyabrda istintaq orqanı yenidən həbs müddətinin uzadılması üçün məhkəməyə vəsatət verib. Xətai Rayon Məhkəməsi vəsatətə sentyabrın 27-də baxıb. Vəsatət təmin olunub, Şəfəq Ağacan barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması haqda qərar çıxarılıb.
Bakupress.az-ın yazdığına görə, Şəfəq Ağacan buna etiraz olaraq aclıq aksiyasına başlayıb.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev “Facebook” şəbəkəsində məlumat verib ki, Şəfəq Ağacanın ailə üzvləri mediaya və hüquq müdafiə təşkilatlarına müraciət ediblər: “Müraciətdə xanım jurnalistin ona qarşı olanlara etiraz edərək sentyabrın 27-dən Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı və səhhətinin ağır olduğu bildirilir”.
Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Sumqayıtdakı 27 saylı orta məktəbin məzunudur. Bakı Slavyan Universitetini filoloq ixtisası ilə bitirib.