Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina edib. Parlament rəhbərliyinə müraciətində Rafael Cəbrayılov seçicilərindən və Azərbaycan ictimaiyyətindən üzr istədiyini vurğulayıb.
APA-nın məlumatına görə, Milli Məclisin 30 sentyabr iclasında çıxış edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatdan imtina müraciətinin yekun qərar verilməsi üçün Mərkəzi Seçki Komissiyasına göndəriləcəyini deyib.
Son vaxtlar Rafael Cəbrayılovun külli miqdarda borc qarşılığında deputat vəsiqəsini girov qoyduğu barədə xəbərlər yayılıb.
Novator.az bildirir ki, Rafael Cəbrayılov 1958-ci ildə doğulub. Hüquqşünasdır. Uzun illər prokurorluq sistemində çalışıb. Ədliyyə polkovnik-leytenantıdır.
Rafael Cəbrayılov parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Milli Məclisdə 6 deputat yer boşdur.
2015-ci il noyabrın 1-də keçirilmiş seçkidə 124 nəfər Milli Məclisə mandat alıb. 2016-cı il iyunun 18-də keçirilmiş təkrar seçkidə daha 1 nəfər deputat seçilib.
2017-ci ildə 14 saylı Xəzər dairəsindən deputat Mehriban Əliyeva birinci vitse-prezident təyin olunub.
2018-ci ildə 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən deputat Astan Şahverdiyev vəfat edib.
Həmin il 34 saylı Xətai dairəsindən deputat Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, 43 saylı Sumqayıt dairəsindən deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar dairəsindən deputat Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 101 saylı Göygöl-Daşkəsən dairəsindən deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postuna təyinat alıb.