2018-ci ilin Gəncə hadisələrinə görə həbs edilən Eşqin Quliyev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində dünyasını dəyişib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi bu il sentyabrın 19-da onu 20 il müddətinə azadlıqdan məhrum etmişdi.
Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov APA-ya deyib ki, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəlik müəyyən edilib: “O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq sentyabrın 29-da Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası (4-cü mərhələ), viruslu Hepatit C, anemiya, baş-beyin ödəmi, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.
2018-ci il iyulun 3-də həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işləyən Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı Qasım Aşbazov odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Yunis Səfərov elə həmin gün tutulub.
İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Gəncə hadisələrinə görə ümumilikdə 60 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Həmin şəxslərdən biri – Qurbanov Aydın Fərhad oğlu bu il iyulun 9-da vəfat edib. Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə məlumatına görə, o, xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu ildə Mərkəzi Müalicə Müəssisəsinə köçürülüb və iyulun 9-da dünyasını dəyişib.
Novator.az bildirir ki, Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup (İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqaları) Gəncə işi ilə bağlı tutulan 52 nəfəri siyasi məhbus sayır. Qrupun hesabatında qeyd olunur ki, araşdırmalar nəticəsində 10 iyul 2018-ci ildə Gəncədə keçirilən toplantının əvvəlcədən təşkil edilməklə zorakılıq məqsədi güddüyünü təsdiqləyən sübutlar aşkar edilməyib: “Cinayət işinin materialları məhbusların konkret qanunsuz əməllər törətdiyini sübut etmir və ya həmin sübutlar mötəbər sayıla bilməz; 10 iyul 2018-ci il nümayişi dinc xarakterli olub, hakimiyyət qurumları həmin gün həbs olunan şəxslərin zorakılıqlara aidiyyətini təsdiqləyən sübutlar təqdim edə bilməyiblər; məhbusların işgəncəyə və digər pis rəftara məruz qalmasına dair əsaslı şübhələr mövcuddur; tutulanların müdafiə və digər prosessual hüquqları kobud şəkildə pozulub və bu kimi əsaslar Gəncə işi üzrə əksər məhbusların cinayət təqibinin və həbsinin siyasi motivli olduğunu deməyə imkan verir”.
Eşqin Quliyev də siyasi məhbus hesab olunurdu.