Arif Hacılı yenidən Müsavat başqanlığına namizədliyini irəli sürüb.
Oktyabrın 12-si Bakıda Müsavat Partiyasının 9-cu qurultayı keçirilməlidir. Qurultayda Müsavat Məclisinin rayon (şəhər) təşkilatı sədri olmayan üzvləri, partiyanın başqanı və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçiləcək.
Başqan postuna Arif Hacılı ilə yanaşı Müsavat Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqov iddia edirlər.
Novator.az-ın məlumatına görə, sentyabrın 30-da açıqlama yayan Arif Hacılı qeyd edib ki, əsas hədəf şəffaf, nümunəvi qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir: “Qurultayda seçkilər, səslərin sayılması tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək, internetlə canlı yayımlanacaq. Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq. Əminəm ki, Müsavat bu qurultaydan daha da güclənmiş çıxacaq”.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.
2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.
1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Gənclik illərində Zaqatala radiosunda çalışıb.
1988-ci ildə başlayan xalq azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.
1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavat Partiyasının üzvü olan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.
Partiyanın nizamnaməsinə 2001-ci ildə edilən dəyişikliyə görə, eyni şəxs ardıcıl iki müddətdən artıq başqan seçilə bilməz.
Müsavatın qurultay günü bilindi
Tofiq Yaqublu başqan olmaq istəyir
Yadigar Sadıqov: “Mənim başqan seçilməyim…”