“Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektlərini tam təhrif olunmuş şəkildə təqdim edib”. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında belə deyib.
Sentyabrın 25-i BMT Baş Məclisinin iclasında Dağlıq Qarabağ münaqişəsindən danışan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı Qarabağ məsələsində güzəştə getməməkdə, qisas almaq niyyəti ilə davranmaqda ittiham edib, Dağlıq Qarabağı qaytarmaq cəhdlərinin əbəs olduğunu vurğulayıb.
Azərbaycanı Dağlıq Qarabağla danışıqlar aparmaqdan imtinada günahlandıran baş nazir prezident İlham Əliyevi onun təklif sülh formulunu qəbul etməyə çağırıb. O, sülh formulunu belə ifadə edib: hər bir qərar Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.
Baş nazirin BMT-dəki çıxışını AZƏRTAC-a şərh edən Hikmət Hacıyev deyib ki, bu ilin avqust ayında Xankəndidə Azərbaycanın işğal edilmiş ərazilərinin ilhaqına çağıran və bununla ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından “sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 1921-ci il iyulun 5-də Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verib. Ermənilərin yalan iddialarına baxmayaraq burada “Dağlıq Qarabağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmayıb.
Keçən əsrin 80-ci illərindən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialar irəli sürüb, zorakı əməlləri və təcavüzkar separatizmi fəal şəkildə dəstəkləyib.
Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqilliyini bərpa etdikdə həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu.
Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda BMT nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozması faktının üstündən sükutla keçir.
BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir.
Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal edib, bu ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Həmçinin Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquqa zidd olaraq demoqrafik tərkibin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidlərinin məhv edilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparır.
BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə, Azərbaycanın ərazilərinin işğalı, mülki insanlara qarşı hücumlar və Azərbaycanın məskunlaşmış ərazilərinin bombardman edilməsi pislənir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiqlənir. Həmçinin güc tətbiq edərək ərazinin əldə olunmasının qəbuledilməzliyi vurğulanır və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunur.
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk qrupunun üzvlərinin mandatının əsasını da Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir. Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir.
Ermənistan rəhbərliyi münaqişənin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan düstur əsasında həll edilməli olduğunu deyir. Münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları var.
Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Münaqişənin Azərbaycan üçün məqbul olan həlli BMT nizamnaməsinə, beynəlxalq hüquqa və ədalətə əsaslanır və bu mövqeyi beynəlxalq ictimaiyyət dəstəkləyir. Münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, hərbi işğala son qoyulmalı, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycanın sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan özünüidarəetmə modeli müəyyən olunmalıdır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyil”.
1923-cü ildə sovet rejimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə muxtar vilayət statusu verib. 1988-ci ilin fevralında ermənilər vilayətin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, müharibə alovlanıb.
1994-cü ilin mayında atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.