Demokratik Qüvvələrin Milli Şurası paytaxtda keçirmək istədiyi 28 sentyabr mitinqindən imtina etməli olub.
Siyasi və sosial tələblərin irəli sürüləcəyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istənmişdi: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Meriya həmin ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasında keçirməyi məsləhət görüb. Rəsmi məktub mitinqin təşkilat komitəsinə sentyabrın 26-da təqdim olunub.
Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli açıqlama yayaraq Bakı Şəhər İcra Hakimiyyətinin təklifindən imtina olunduğunu bildirib: “Milli Şura Lökbatan qəsəbəsi təklifini əslində mitinqə razılıq verməmək və qanunsuzluq kimi qiymətləndirir. Bakıda mitinq keçirməyimizdən qorxurlar. Konstitusiyanı, qanunu tapdalayıb mitinq müraciətimizi vaxtında, aksiyaya 3 iş günü qalmış yox, 1 iş günü qalmış cavablandırıblar. Bakı Şəhər İcra Hakimiyyəti 28 sentyabr mitinqi üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsini təklif edir. Həm Milli Şurada, həm də AXCP Ali Məclisinin Rəyasət Heyətində belə variant əvvəlcədən müzakirə olunub. Lökbatanda və ya şəhərdən kənar başqa qəsəbədə mitinq keçirməyəcəyik. Lökbatanda mitinq keçirmək təklifini əslində mitinqə “yox” demək kimi qiymətləndiririk. Aydındır ki, bu şəraitdə 28 sentyabr mitinqini keçirmək alınmayacaq. Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək. AXCP və Milli Şurada müzakirələrdən sonra növbəti qərarlarımız barədə ictimaiyyətə məlumat veriləcək”.
Novator.az bildirir ki, 2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində Cəmil Həsənli və Əli Kərimli ilə yanaşı AXCP sədrinin müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları yer alır.
Son illər Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirilib. Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası keçirib. Bu, 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı yeganə aksiya olub. Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə icazə verməyib.
Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də meriyadan mənfi cavab gəlib.