ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb. Bəyanatda həmsədrlərin (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Endrü Skofer) sentyabrın 23-ü Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla ayrı-ayrılıqda, sentyabrın 24-ü birgə görüşdüyü xatırladılır: “Görüşlərə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də qoşulub. Hər iki nazirə Vaşinqtondakı iyun görüşündən sonrakı fəaliyyət, eləcə də münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrə məsləhətləşmələri barədə məlumat verilib.
Yay dövründə tərəflərin zorakılığın azaldılması üzrə səylərinin müsbət təsirləri vurğulanıb və yeni ölüm hadisəsindən təəssüf ifadə olunub”.
Bəyanata görə, həmsədrlər və nazirlər gərginliyi azaltmaq, sülh və əsaslı danışıqlar üçün əlverişli şəraiti qorumaq məqsədilə əlavə tədbirlərin müzakirəsini aparıblar, tərəfləri danışıqların nəticələrini pozan və ya onun barədə əvvəlcədən hökm verən ritorikadan istifadəni azaltmağa çağırıblar.
Xəbəri APA yayıb.
Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın 23 sentyabr görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, görüş təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qalıb: “Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq. Nazirlərin görüşündə isə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb”.
Sentyabrın 22-si Qarabağda Azərbaycan Ordusunun əsgəri Ramin Şövkət oğlu Abdulrəhmanov şəhid olub. Əsgərin cəbhə zonasında yerləşən hərbi hissədə yolu azaraq mövqelər arasındakı əraziyə keçdiyi, orada vurulduğu açıqlanıb.
Novator.az bildirir ki, Nyu-York görüşü Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın 8-ci görüşü olub. Əvvəlki görüşlər 2018-ci il iyulun 11-i Brüsseldə, sentyabrın 26-sı Nyu-Yorkda, dekabrın 5-i Milanda, bu il yanvarın 16-sı Parisdə, martın 28-i Vyanada, aprelin 15-i Moskvada, iyunun 20-si Vaşinqtonda keçirilib.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Minsk qrupunun ilk sədri (1992-1994) italyan Mario Rafaelli olub.
1994-cü ildə həmsədrlik institutu yaradılıb. İndiki həmsədrlərdən əvvəl bu diplomatlar vasitəçilik edib: İsveç – Yan Eliasson; Finlandiya – Rine Niberq; Rusiya – Vladimir Kazimirov, Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov; Fransa – Jak Blo, Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For; Pyer Andriyo; ABŞ – Stroub Telbott, Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland.