“Meydan TV” internet televiziyasının Meydan.tv saytının bloklanması məsələsinə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılacaq.
Meydan.tv saytı 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklanıb.
2019-cu il aprelin 23-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Sentyabrın 10-da Ali Məhkəmədə “Meydan TV”nin bununla bağlı şikayətinə baxılıb. Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, hakim Ələsgər Əliyev apellyasiya instansiyasının aprelin 23-də çıxardığı qərarı ləğv edib. Ali Məhkəmənin qərarına əsasən iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Səbail məhkəməsinin 2017-ci ilin mayın 12-də çıxardığı qərarla “Azadlıq” radiosunun Azadliq.org saytına, “Azadlıq” qəzetinin Azadliq.info saytına, “Turan TV”nin Azerbaycansaati.com saytına girişə, “Azərbaycan saatı” televiziya proqramının yayımına da məhdudiyyət qoyulub.
Məhkəmə saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklayıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.
2017-ci il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.
Qanun dəyişəndən bəri ölkə ərazisində bir sıra KİV-lərin internet resursuna girişə, o cümlədən “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qoyulub. Sonradan bəzi məhdudiyyətlərin götürülməsi halları da olub.