Bakının Qaradağ rayonundakı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb. Sentyabrın 24-də Azadliq.org-a danışan hüquq müdafiəçisi Samir Əsədli belə deyib. Onun sözlərinə görə, jurnalist səhhətində yaranan problemi və müraciətləri nəzərə alaraq bu addımı atıb: “Əfqan şəkərli diabetdən əziyyət çəkir, yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb. Həmçinin vəkil ona sentyabrın 24-də aclığı dayandırmaq üçün çoxsaylı müraciətlər çatdırıb. Əfqan bu müraciətləri də nəzərə alıb”.
Məhbus jurnalistin aclığı dayandırdığını Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov da təsdiqləyib.
Sentyabrın 20-də vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisəsində Əfqan Muxtarlı ilə görüşüb. Görüşdən sonra açıqlama yayan Nemət Kərimli bəyan edib ki, cəzaçəkmə müəssisəsində onu gözlədiblər, üst-başında axtarış aparıblar, bu zaman fiziki zor tətbiq ediblər.
Bundan sonra Əfqan Muxtarlı bəyanat yayaraq vəkilinin incidilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Sentyabrın 24-də Nemət Kərimli Əfqan Muxtarlıya baş çəkərək onu aclığı dayandırmağa çağırıb.
Novator.az bildirir ki, 1974-cü il təvəllüdlü Əfqan Muxtarlı Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.