Sentyabrın 24-də vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalist Əfqan Muxtarlı ilə görüşüb.
Nemət Kərimli Əfqan Muxtarlı ilə sentyabrın 20-də də görüşmüşdü. Vəkil bəyan etmişdi ki, həmin gün cəzaçəkmə müəssisəsində onu görüş ərəfəsində və görüşdən sonra gözlədiblər, üzərində axtarış aparıblar, həmçinin ona fiziki zor tətbiq ediblər.
Bundan sonra Əfqan Muxtarlı bəyanat yaymış və vəkilinə qarşı edilənlərə etiraz olaraq aclıq aksiyasına başladığını bildirmişdi.
Əfqan Muxtarlının aclığa başladığını Penitensiar Xidmət sentyabrın 23-də təsdiqləyib. Qurumdan bildiriblər ki, aclıq aksiyası keçirdiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq Əfqan Muxtarlı digər məhbuslardan təcrid edilib.
Toplum.tv-nin məlumatına görə, 24 sentyabr görüşündən sonra Nemət Kərimli deyib ki, Əfqan Muxtarlı aclığı davam etdirir. Vəkil xatırladıb ki, Əfqan Muxtarlı şəkərli diabet xəstəsidir və yeməkdən imtina etdiyinə görə onun səhhətində problem yaranıb.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.