İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu uşaq pulunun bərpasını təklif edir.
Azərbaycanda uşağın anadan olmasına görə 200 manat birdəfəlik müavinət verilir. 18 yaşa qədər uşaqlara hər ay uşaq pulunun verilməsi praktikası 2006-cı ildən, ünvanlı sosial yardım tətbiq ediləndən dayandırılıb.
Novator.az bildirir ki, Qubad İbadoğlu özünün “Facebook” səhifəsində rəsmi statistikaya istinadla 2000-ci ildə ölkədə 0-14 yaşlı uşaqların sayının 2 milyon 545 min 600 nəfər olduğunu, 2019-cu ilin əvvəlinə 2 milyon 239 min 100 nəfərə düşdüyünü vurğulayır: “Eyni dövrdə ümumi nəsil vermə (fertillik) əmsalı da aşağı düşüb. Orta hesabla bir qadın üçün hesablanan bu göstərici 2000-ci ildə 1,99 olub, 2018-ci ildə 1,76-ya enib. 1999-cu ildə isə fertillik əmsalı 2,77 göstərilib.
Cəmi uşaqlı ailələrin sayında 1 uşaqlı ailələr 30,1 faiz, 2 uşaqlı ailələr 40,3 faiz, 3 uşaqlı ailələr 19,9 faiz, 4 və çox uşaqlı ailələr isə 9,7 faiz təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi doğulduğu halda 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə enib.
Uşaqların və çoxuşaqlı ailələrin sayının azalmasının əsas səbəbləri boşanmaların çoxalması, evlilik yaşının yüksəlməsi, ailənin xərclərinin artması, xüsusilə də uşaqlara yönələn məsrəflərin büdcədə çox yer tutmasıdır. Bu isə uşaqlara dövlət qayğısı siyasətinə yenidən baxmaq üçün ciddi əsaslar yaradır. İndiki halda dövlətin qayğısının aparıcı xəttini uşaq pulunun bərpası təşkil etməlidir”.
Beynəlxalq təcrübəyə nəzər salan ekspert qeyd edir ki, bəzi ölkələrdə uşaq pulu bütün ailələrə verilir, ancaq uşaqların sayına görə fərqli yanaşma tətbiq olunur: “Demoqrafik artımın olduğu ölkələrdə uşaqların sayı artdıqca uşaq pulunun məbləği azalır. Əks halda, yəni demoqrafik artımın olmadığı ölkələrdə uşaqların sayı artdıqca uşaq pulunun məbləği çoxaldılır.
Bir qrup ölkədə uşaq pulu ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaq pulu ödənir. Ailənin gəlirləri az olanda uşaq pulunu daha da çoxaldırlar. Belə yanaşma İtaliya və ABŞ-da da var.
Azərbaycan da eyni modelə istinad edə bilər. Heç də bütün ailələrə uşaq pulu verilməsini məqbul hesab etmirəm. Bu, ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı məsələdir.
Bir çox ölkədə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənir. Azərbaycanda uşaq pulunun gəlirliyə bağlanması ilə yanaşı bu praktikadan da istifadə etmək olar.
Beynəlxalq təcrübədə üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Ödənmiş verginin bir hissəsinin geri qaytarılması zamanı ailədə uşaqların sayının nəzərə alınmasından söhbət gedir. ABŞ, Kanada, Avstraliya və Böyük Britaniyanın istifadə etdiyi bu model həm vergi ödənişlərinin leqallaşdırılması, həm də vergiyə ödənmiş məbləğin bir hissəsinin uşaqlara görə geriyə qaytarılması baxımından maraqlı ola bilər”.