Məhbus jurnalist Əfqan Muxtarlı saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığını bəyan edib.
Bəyanatı hüquq müdafiəçisi Samir Əsədli “Facebook” səhifəsində yayıb.
Bəyanatında məhbus jurnalist bildirir ki, o, sentyabrın 20-dən vəkili Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz olaraq aclıq aksiyasına başlayıb.
Sentyabrın 20-də Nemət Kərimli cəzaçəkmə müəssisəsində Əfqan Muxtarlı ilə görüşüb. Vəkilin dediyinə görə, onu görüşdən qabaq gözlədiblər, sonra isə üzərində axtarış aparıblar: “Ayaqqabımın içini, corablara qədər axtardılar. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, dedilər axtaracağıq”.
Vəkilin sözlərinə görə, onun üzərinə, çantasına, çantasındakı qeydlərə məcburi baxış keçirilib, bu zaman ona fiziki zor tətbiq olunub. Vəkil bildirir ki, onu otaqların birində yarım saatdan çox saxlayıb, sonra sənədlərini verib, yola salıblar.
Əfqan Muxtarlı bəyanatında vurğulayıb ki, indiki hücumlar Avropa Şurasının insan haqları komissarı Dunya Miyatoviç və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirlə görüşlərdən sonra baş qaldırıb.
Dunya Miyatoviç bu ilin iyul ayının, Torhildur Sunna Evarsdottir isə sentyabr ayının birinci yarısında Azərbaycanda səfərdə olublar. Onlar bir sıra rəsmilər, siyasətçilər, hüquq müdafiəçiləri və bəzi problemli məhbuslarla görüşüblər.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.