Sentyabrın 23-ü səhər Bakıda polis “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlunu saxlayıb.
Radionun yaydığı məlumata görə, saxlanma mühakimə olunan bir qrup şəxsin valideynlərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qarşısında keçirdiyi etiraz aksiyası zamanı baş verib.
Bir neçə polis zabiti jurnalistə güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alıb. Onu Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin Sabunçu dəmir yolu vağzalındakı polis idarəsinə aparıblar və orada telefonunu alıblar.
Tapdıq Fərhadoğluna qarşı təzyiqi onun həmkarları – jurnalistlər görüblər, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və jurnalistlərin hüquqlarına əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı Şəhər Baş Polis İdarəsinin monitorinq qrupuna məlumat veriblər.
Polisdə jurnalistin həmkarlarına və vəkilə telefonla zəng etməsinə imkan verilməyib. Onu idarədə yarım saat saxlayıblar, “bir daha belə şeylər etməməyi” məsləhət görüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti və şəhər polisinin monitorinq qrupu baş verənləri hələ şərh etməyib.