“Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər ilk növbədə sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək”. Prezident İlham Əliyev sentyabrın 20-si “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə belə deyib.
1994-cü il sentyabrın 20-si Dövlət Neft Şirkəti ilə dünyanın 11 neft şirkəti arasında Xəzər dənizindəki üç yatağın birgə işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı müqavilə imzalanıb. 2017-ci il sentyabrın 14-də yataqların birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş yenilənib. 1994-cü il sazişinin müddəti 30 il idi. Yeni müqavilə hasilat müddətini 2050-ci ilə qədər uzadıb.
Dövlət başçısı qeyd edib ki, “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir: “Bu kontraktın faydasını Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi.
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf – investorlar, həm də Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.
Mən danışıqların son mərhələsini yaxşı xatırlayıram. Amerikanın Hyuston şəhərində bir aydan çox danışıqlar gedirdi. Bu danışıqlar həlledici rol oynadı. Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün “Əsrin kontraktı” bizim neft sənayemizin inkişafında öz rolunu oynayır. İki il bundan əvvəl kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması göstərir ki, 1994-cü ildə nə qədər düzgün qərar qəbul edilib”.
İlham Əliyev deyib ki, neftdən əldə edilmiş gəlirlər ölkənin sürətli inkişafına şərait yaradıb: “Biz dünyada neft sənayesində gedən işlərdən xəbərdarıq. Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq – bütün bunların təməlində bizim neft sənayemiz dayanır.
Biz iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur”.
Prezident “Əsrin kontraktı”ndan sonra onlarla kontraktın, 40-a yaxın pay bölgüsü sazişinin imzalandığını vurğulayıb: “Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir”.
İlham Əliyev deyib ki, neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olunub: “Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir.
O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik.
Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir.
İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir.
Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik.
Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər.
Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi.
“Əsrin kontraktı”nın faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər ilk növbədə sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin”.