“Heydər Əliyev dedi ki, biz Rusiya ilə döyüşürük”
- 20 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetŞərh
1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Türkiyə, Rusiya və Səudiyyə Ərəbistanının neft şirkətləri arasında Xəzər dənizindəki üç yatağın birgə işlənməsi və hasilatın pay bölgüsü üzrə müqavilə imzalanıb. “Əsrin müqaviləsi” adı almış həmin layihədə Azərbaycanın payı 20 faiz olub.
1993-1999-cu illərdə prezident Heydər Əliyevin köməkçisi olmuş, həmin vaxt bir müddət Prezident Katibliyinə rəhbərlik etmiş politoloq Eldar Namazov “Azadlıq” radiosuna müsahibədə “Əsrin müqaviləsi”nə gedən yoldan danışıb: “Qərb şirkətləri ilə danışıqlar uzun çəkdi. Hələ sovetlər dövründə Azərbaycanın rəhbəri Ayaz Mütəllibov SSRİ rəhbərliyini Qərbin neft şirkətlərinin Xəzərdəki yataqlarda neft hasilatı ilə bağlı kontraktlar bağlamağa razı salmışdı. Bu haqda SSRİ Nazirlər Sovetinin və Mərkəzi Komitənin xüsusi qərarı vardı. Sovetlər dağılırdı, böhran dərinləşirdi, o şəraitdə Azərbaycana güzəşt edildi. Həmin dövrdən Qərb şirkətləri Azərbaycana gəlməyə, neft yataqları ilə bağlı danışıqlara başladılar.
Ayaz Mütəllibov getdi və Əbülfəz Elçibəy dövründə danışıqlar daha intensiv şəkildə davam etdirildi. Ancaq məlum oldu ki, yenicə müstəqillik qazanan Azərbaycanın Qərbin neft şirkətləri ilə müqavilə bağlaması Rusiyanın maraqlarına ziddir, ölkə rəhbəri Boris Yeltsin və komandası bunun əleyhinədir. Bunun qarşısını almaqdan ötrü həm siyasi, həm diplomatik, həm də hərbi yollardan istifadə edirdilər.
Həmin dövrdə Rusiyanın Ermənistana hərbi dəstək verməsini, Dağlıq Qarabağ müharibəsində faktiki Ermənistan tərəfdə döyüşməsini nəzərdə tuturam. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində bir çox hərbi əməliyyatın məqsədi məhz bu kontraktların qarşısını almaq idi. Artıq o zaman Heydər Əliyev hakimiyyətdə idi. Bununla belə, o, danışıqları dayandırmadı. 1994-cü ilin əvvəllərində danışıqlar yekunlaşmaq üzrə idi. Amma həmin ilin fevralından mayın 14-də atəşkəs imzalanana qədər ermənilərin Tərtər və Bərdə istiqamətində aramsız hücumları oldu. Məqsəd neft kontraktlarının imzalanmasını önləmək idi. Rusiya çalışırdı ki, ermənilər gələcək neft kəmərinin keçəcəyi ərazilərə yaxınlaşsın, oranı zəbt etsinlər. Moskva bunu heç gizlətmirdi də.
1994-cü ilin aprel-may aylarında o qədər ağır və təhlükəli vəziyyət yaranmışdı ki, ABŞ və Britaniya diplomatları Heydər Əliyevlə təcili görüş keçirdilər. Mənim də iştirak etdiyim o görüşdə açıq-aydın mesaj verdilər ki, biz təzyiqləri görürük və Azərbaycan Rusiyaya güzəştə getməli olsa, bu qərarı başa düşərik. Heydər Əliyev onlara “Narahat olmayın, biz bütün təzyiqlərə dözəcəyik və planlarımızdan geri çəkilməyəcəyik” söylədi.
Rusiya aqressiv davranırdı, Gürcüstandakı hərbi bazasından hər gün Qarabağ cəbhəsinə ermənilərə tank göndərirdi. Tərtər və Bərdə istiqamətində Azərbaycan Ordusu çox böyük müqavimət göstərirdi, ermənilərin böyük itkiləri olurdu, cəbhə xəttini yara bilmirdilər, bəzən erməni tanklarını vururduq, içərisindəki rus ekipajı təslim olurdu, Yeltsin hakimiyyəti də xahiş edirdi ki, əsir düşən rus tankçıları Rusiyaya təhvil verilsin. Yəni Rusiya birbaşa döyüşlərdə iştirak edirdi.
Azərbaycan Ordusu bu hücumların qarşısını ala bildi və nəhayət, hərbi paritet yarandıqdan sonra mayda atəşkəs razılaşması imzalandı.
Beləliklə, neft danışıqları sürətləndi. İmzalanma prosesinə hazırlıq başlandı. Avqustun ortaları idi, Heydər Əliyev məni kabinetinə dəvət etdi. Kabinetə girəndə gördüm ki, o zaman Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İlham Əliyevlə pəncərənin qarşısında dayanıb nəsə ciddi söhbət aparır. Heydər Əliyev mənə dönüb dedi: “Bu haqda hələ heç kim bilmir. Mən qərara gəldim ki, neft kontraktlarını təcili imzlamalıyıq”.
Mənə tapşırıqlar verdi ki, ertəsi günə ABŞ və İngiltərə səfirini dəvət edim, BP rəhbərliyi ilə görüşüb kontraktın imzalanma prosesini nə cür təşkil etməklə bağlı məsələləri koordinasiya edim. Amma xəbərdarlıq etdi ki, bu haqda heç kim bilməli deyil, vaxt gələndə bu, addım-addım əvvəlcə Azərbaycanın rəhbər orqanlarına, ondan sonra ictimaiyyətə bildiriləcək, hələliksə heç kim heç nə bilməməlidir. Rusiya təxribata əl ata bilərdi.
Səhəri gün səfirləri dəvət etdim… O zaman söhbət hələ kontraktın mətnindən getmirdi, onun üzərində işlənirdi. Bir neçə həftə heç kimin bu məsələdən xəbəri olmadı, yalnız səfirlər öz hökumətlərinə hazırlıqlarla bağlı xəbərdarlıq etmişdilər. Sonrakı hadisələr göstərdi ki, hazırlıqların belə sürətlə və qapalı aparılmasına əsas varmış. Kontrakt imzalandıqdan sonra Heydər Əliyev BMT Baş Assambleyasının toplantısında iştirak üçün ABŞ-a səfər etdi və bu zaman nələr baş vermədi!.. MTN-dən, ən qapalı həbsxanadan kimlərsə qaçırıldı, Heydər Əliyevə yaxın adamlara sui-qəsdlər edildi.
Proses qapalı, məxfi və sürətlə aparılmasaydı, həmin hadisələr elə avqustda, sentyabrın əvvəlində baş verər, Qərb şirkətləri də kontraktların imzalanmasını təxirə sala bilərdilər”.
Kontraktın imzalanmasına Rusiyanın reaksiyasından söz açan Eldar Namazov bunları qeyd edib: “Rusiyanın xarici işlər naziri, Yeltsin administrasiyası kontraktın əleyhinə bəyanat verdilər ki, Xəzərin statusu müəyyənləşdirilməyib və belə bir durumda beynəlxalq kontraktların imzalanması qanunsuzdur. Ancaq eyni zamanda baş nazir Viktor Çernomırdin energetika nazirini kontraktın imzalanma mərasimində iştirak üçün Bakıya göndərdi və “Lukoyl” şirkətinin həmin kontraktda pay almasına razılıq verdi. Bəlli oldu ki, bu məsələdə Rusiyanın özündə ikitirəlik var. Dramatik proseslər gedirdi. Amma müqavilə imzalandı və Cənubi Qafqazda geosiyasi durumu dəyişdi. Qərbin aparıcı şirkətləri bura on milyardlarla vəsait sərmayə yatırandan, böyük gəlirlər götürmək məqsədilə mövqelərini möhkləmlədəndən sonra siyasi investisiya, siyasi kapital gəlməyə başladı. Artıq ABŞ Dövlət Departamenti, Pentaqon Cənubi Qafqazda, Azərbaycanda möhkəmlənməkdə maraqlıydılar.
Qərb şirkətləri bir neçə dəfə prosesi dayandırmağa məcbur qalmışdılar. Ayaz Mütəllibov gedəndən sonra proses dayandı və Əbülfəz Elçibəyin dönəmində danışıqlara təkrar start verildi və şərtlər dəyişdi. AXC hakimiyyəti gedəndən sonra da proses dayandı və bərpa olunduqda şərtlər yenidən dəyişdi. Rusiyanın təzyiqini, müharibəni, ölkədəki qeyri-sabitliyi gördükcə, təbii, ildən-ilə Qərb şirkətlərinin qoyduğu şərtlər daha da ağırlaşırdı. Siyasi risk yüksək olduqca kontraktlar şirkətlər üçün daha əlverişli şərtlərlə bağlanır.
O zaman Rusiya hərbi bazasını bura yerləşdirmək istəyirdi. Bu da neft kontraktlarının üstündən xətt çəkə bilərdi. Hansı Qərb şirkəti bura gələrdi?
O döyüşlər olmasaydı, hakimiyyət dəyişiklikləri olmasaydı, işğallar olmasaydı, Rusiyanın yaratdığı təhlükələr olmasaydı, Azərbaycan Qərblə daha əlverişli şərtlərlə kontrakt imzalayacaqdı. Siyasi risk amili həmişə nəzərə alınır. Azərbaycanda bu risk yüksək idi, bu da ölkə üçün o qədər də əlverişli olmayan kontrakt bağlanmasına səbəb oldu”.
Eldar Namazov qeyd edib ki, 1994-cü ildə baş nazir Surət Hüseynov mətbuatda neft kontraktları əleyhinə danışır, onu şübhə altına alırdı: “Amma kontraktın imzalanmasına hazırlıqdan xəbəri yox idi. Buna görə hazırlıq elə sürətlə, məxfi aparıldı ki, hamı fakt qarşısında qaldı. Hamıda belə təəssürat vardı ki, kontrakt haradasa ilin sonuna imzalana bilər. Heydər Əliyev komanda üzvlərinə deməmişdi bunu. Hazırlıqları səfirlərlə, BP rəsmiləri ilə müzakirə edilirdi. Yalnız üçüncü-dördüncü mərhələdə hakimiyyət üzvlərinə elan olundu ki, sənəd imzalanır.
Bu danışıqlar aparılanda neft şirkətləri həm öz hökumətlərindən qarantiya istəyirdilər, həm də Azərbaycandan.
Ağrılı proses idi. Aparıcı rolu Azərbaycan özü oynadı, atəşkəsi imzalamaqla siqnal verdi ki, neft kontraktı bağlana bilər, ABŞ, Britaniya hökumətləri də şirkətlərinə dayaq durdular”.
Eldar Namazov bir məqamı da bölüşüb: “Heydər Əliyev 30-40 nəfərlik ordu rəhbərliyi ilə qapalı müşavirə keçirdi. Bir neçə saat Tərtər, Bərdə istiqamətində gedən döyüşlərlə bağlı müzakirə getdi. Xəritələr ortaya qoyuldu, harada hansı güc, texnika var, güclərin balansı necədir, döyüşlər neçə ay davam edə bilər… Bundan sonra Heydər Əliyev atəşkəsə razılıq verdi.
Dedim ki, artıq ermənilər təngnəfəs olub, ölkədə narazılıqlar, çaxnaşmalar var, bəlkə bir qədər gözləyib əks-hücuma keçmək olar? Cavab verdi ki, Eldar, hər gün biz nə qədər texnikanı vururuq, səhəri gün Gürcüstandan iki dəfə çox texnika gəlir, biz Ermənistanla yox, Rusiya ilə döyüşürük. O toplantı atəşkəslə bağlı həlledici qərar verməyə yardımçı oldu”.