Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti qarşısında Valeri Osipyanın Polis rəisi postundan çıxarılması üçün vəsatət qaldırıb. Xəbər sentyabrın 18-də yayılıb.
Xəbər yayılandan bir neçə saat sonra Ermənistan prezidenti Armen Sərkisyanın vəsatəti qəbul etdiyi aydınlaşıb. Sərkisyan Osipyanın Polis rəisi postundan çıxarılması haqda fərman imzalayıb.
Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazirlik edir. 1970-ci il təvəllüdlü Valeri Osipyan Ermənistan Polisinin rəisi postuna 2018-ci il mayın 10-da təyin olunmuşdu.
Novator.az xatırladır ki, Artur Vanetsyan sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa verib. O, 2018-ci il mayın 10-dan Milli Təhlükəsizlik Xidmətinin direktoru idi.
Milli Təhlükəsizlik Xidməti və Polis birbaşa baş nazirə tabe qurumlardır.