“Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm”. Müsavat Divanının üzvü Yadigar Sadıqov özünün “Facebook” səhifəsində belə yazıb.
Novator.az-ın məlumatına görə, Yadigar Sadıqov Müsavatın 9-cu qurultayında başqanlığa namizəd olacağını bəyan edib və bunu belə əsaslandırıb: “Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”.
Yadigar Sadıqov 1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib.
2000-ci ildən Müsavat Partiyasının üzvü, 2004-cü ildən 2011-ci ilə kimi Lənkəran təşkilatının sədri, 2011-ci ildən Müsavat başqanının müşaviri olub.
Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib, sonra cəzası 4 ilə endirilib, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.
2014-ci ildə həbsdə olarkən Yadigar Sadıqov başqan müavini postuna təyin edilib. 2018-ci ildə Yadigar Sadıqov həmin vəzifədən istefa verib, buna başqan Arif Hacılı ilə fikir ayrılığının səbəb olduğunu bəyan edib.
Müsavatın 9-cu qurultayı oktyabrın 12-si Bakıda keçirilməlidir. Divanın 16 sentyabr iclasında belə qərar verilib. Yer üçün hakimiyyət orqanlarına müraciət olunacaq.
Partiya nizamnaməsinə əsasən, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır.
Qurultayın partiyanın proqramını və nizamnaməsini qəbul etmək, onlarda dəyişiklik və əlavələr etmək, Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini, partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçmək səlahiyyətləri var.
Yadigar Sadıqovla yanaşı Divan üzvü Tofiq Yaqublu da başqanlığa namizəd olacağını bəyan edib.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.
2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.
1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Gənclik illərində Zaqatala radiosunda çalışıb.
1988-ci ildə başlayan xalq azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.
1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavat Partiyasının üzvü olan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.