Müsavat Divanının üzvü Tofiq Yaqublu partiyanın 9-cu qurultayında başqanlığa namizəd olacaq. Sentyabrın 17-də Novator.az-a danışan Tofiq Yaqublu namizədliyini rəsmiləşdirmək üçün qurultaya hazırlıq üzrə təşkilat komitəsinə ərizə ilə müraciət edəcəyini deyib.
9-cu qurultay oktyabrın 12-si Bakıda keçirilməlidir. Divanın 16 sentyabr iclasında belə qərar verilib. Yer üçün hakimiyyət orqanlarına müraciət olunacaq.
Partiya nizamnaməsinə əsasən, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır.
Qurultayın partiyanın proqramını və nizamnaməsini qəbul etmək, onlarda dəyişiklik və əlavələr etmək, Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini, partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçmək səlahiyyətləri var.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.
2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.
Novator.az bildirir ki, 1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub. Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb. 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, Müsavat fəalı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, bu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da Müsavat fəalı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.