Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılmasının, həmçinin polis sahə rəisləri və inspektorlarının inzibati qanunvericiliyin tətbiqi sahəsində gördüyü işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov gündəlikdəki məsələlərlə bağlı məruzə ediblər, müzakirələr aparılıb.
Sentyabrın 16-da keçirilən iclasda danışan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8%, adam öldürməyə cəhdlərin 18,5%, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8%, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5%, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2%, o cümlədən quldurluqların 7%, hədə-qorxu ilə tələb etmələrin 19%, dələduzluqların 27% azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.
2019-cu ildə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildirən nazir bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri olan tədbirlər barədə konkret tapşırıqlar verib.
Vilayət Eyvazov 2019-cu il iyunun 20-də daxili işlər naziri təyin edilib.
1968-ci ildə Culfanın Əbrəqunus kəndində anadan olan Vilayət Eyvazov 2000-ci ildə Polis Akademiyasını bitirib. 1994-cü ildə daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. 2005-ci ildən daxili işlər nazirinin müavini, 2016-cı ildən birinci müavini olub.