Sentyabrın 17-də Bakı Mətbuat Klubunun saytının (Pressklub.az) təqdimatı keçirilib.
Bakı Mətbuat Klubu 1998-ci ildə yaradılıb. Klubun ilk təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Turan” informasiya agentliyi, “Azadlıq”, “Yeni Müsavat”, “Ayna”-“Zerkalo” qəzetləri, “Xalq qəzeti”, “525-ci qəzet” və ANS televiziyası olub.
Yaradılandan bir müddət sonra ANS, onun ardınca “Xalq qəzeti” təsisçilər sırasından çıxıb.
Bakı Mətbuat Klubu 2015-ci ildə fəaliyyətini dayandırıb.
2019-cu ilin sentyabrında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Ayna”-“Zerkalo” qəzetlərinin rəhbəri Elçin Şıxlı, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev və media eksperti Qulu Məhərrəmli Bakı Mətbuat Klubunun fəaliyyətini bərpa etmək niyyətində olduqlarını açıqlayıblar.
Sentyabrın 17-də təqdimatı keçirilən Pressklub.az saytının işə düşməsi bu yöndə ilk addımdır.
“Turan”ın məlumatına görə, təqdimat mərasimində çıxış edən Arif Əliyev bildirib ki, onlar yaxın müddətdə Bakı Mətbuat Klubunun tam fəaliyyət göstərməsi üçün paytaxtda kluba yer ayrılacağına, digər təşkilati məsələlərin də həllini tapacağına ümid edirlər.
Maliyyələşmə ilə bağlı suala cavabında Arif Əliyev deyib ki, saytın yaradılması üçün kiçik maliyyə vəsaiti lazım gəlib. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə Bakı Mətbuat Klubunun fəaliyyətini beynəlxalq və yerli strukturlar, kütləvi informasiya vasitələri dəstəkləyəcək.
Arif Əliyevin sözlərinə görə, Pressklub.az saytı bütün sağlam qüvvələri birləşdirməyə və əməkdaşlığa cəlb etməyə yönəlib: “Pressklub.az vasitəsilə mətbuata bu və ya digər şəkildə bağlı olan insanları məlumatlandırmağa, onlara yardım etməyə, onları birləşdirməyə çalışacağıq. Bu bir növ “medianın ASAN xidməti” olacaq”.
Arif Əliyev “Azadlıq” radiosuna müsahibəsində Bakı Mətbuat Klubunun saytının detallarını açıqlayıb: “Xəbərlər bölümü saytın mühüm və dinamik bir hissəsini təşkil edəcək. Peşəkar jurnalistləri maraqlandıracaq hadisələr diqqətimizdə olacaq. Eyni zamanda auditoriyanı dünya mediasının Azərbaycanla bağlı əsas yazıları ilə tanış edəcəyik.
Saytın güclü və geniş informasiya bazası olacaq. Azərbaycanın media qanunvericiliyindən tutmuş dünyada media sahəsində qəbul edilmiş sənədlərə, bizim məhkəmə sənədlərinə, kitablara, filmlərə, statistik məlumatlara, naviqasiya məlumatlarına, ölkə mediası haqda hesabatlara, araşdırmalara qədər geniş, 9 bölümdən ibarət informasiya bazası yaradılacaq.
Saytda dünyaya səpələnmiş, azərbaycanlı jurnalistlərin xəritəsi hazırlanıb, hansı ölkədəki hansı jurnalistlə necə əlaqə qurmağın mümkünlüyü bildirilib.
Eləcə də jurnalistlər üçün biznes-sayt yaradılacaq. Tutalım, kitabdan tutmuş hansısa informasiyanın əldə edilməsində, hansısa qurumda akkreditasiyadan keçilməsində çətinliklə bağlı yardım göstərəcəyik. Ümumi funksiyalar budur. Həmçinin, saytın eksklüziv bölməsində iri və çox mühüm mövzularda öz materiallarımızı təqdim edəcəyik.
Plana görə, saytın 12 nəfər yaradıcı işçisi olmalıdır. Biz hələlik 3 nəfərlə başlayırıq, qalanlar kənarda yardım göstərir”.