Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı və İsmayıllı rayonlarına baş çəkib. O, Şamaxının Məlikçobanlı kəndində tam orta məktəbin yeni tikilmiş binasının açılışında iştirak edib. 3 mərtəbədən ibarət 460 şagird yerlik məktəbin bütün inventar və avadanlıqlarla təchiz edildiyi vurğulanıb.
AZƏRTAC-ın məlumatına görə Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib. Ona “Qurani-Kərim” hədiyyə olunub.
Birinci vitse-prezident şəhərin Şirvanşah İbrahim küçəsi, 26 ünvanında və rayonun Muğanlı kəndində bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş iki evin yerində inşa olunan evlərə baxıb.
Mehriban Əliyeva İsmayıllı rayonunda Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gedib. O deyib ki, Şamaxı və İsmayıllı rayonlarına prezident İlham Əliyevin tapşırığı ilə səfər edib: “Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox ev yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar.
Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. 3 rayonda 87 fərdi ev tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur. Bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür. Azərbaycan dövlətinin siyasəti hər zaman sosial yönümlü olub və bu addımlar davam edəcək.
2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Bütün rayonlarımız, regionlarımız, qəsəbələrimiz, kəndlərimiz nə qədər abadlaşıb. Yeni infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni müasir xəstəxana tikilib, ölkədə mövcud olan 5 min məktəbdən 4 minə yaxını ya bərpa olunub, ya da yenidən inşa edilib. Regionlarda həm sənaye parkları, həm də aqroparklar salınır. Bu, yeni iş yerlərinin açılmasıdır, əhalinin məşğulluğudur”.
Mehriban Əliyeva İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışına qatılıb. Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb.
Həmin gün birinci vitse-prezident rayonun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışında da iştirak edib.