Sentyabrın 13-də Xarici İşlər Nazirliyi mətbuat açıqlaması yayıb. Qeyd olunur ki, Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud vəziyyətin möhkəmlənməsinə yönələn addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi, beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin səylərini şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı: “Azərbaycan hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirərək bununla bağlı qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı. Xarici işlər naziri BMT və ATƏT-in baş katiblərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupu ölkələrinin xarici işlər nazirlərinə məktublarında Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə tarixən yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsi ilə nəticələnən siyasətin Ermənistan rəhbərliyinin son bəyanatlarında açıq etiraf edildiyi vurğulandı və hərbi işğalın doğurduğu beynəlxalq hüquqi məsuliyyət məsələlərinə diqqət yönəldilərək beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi. Xarici İşlər Nazirliyi həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanladı.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə uzun illərdir aparılan danışıqların mahiyyətini münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin təmin edilməsi təşkil edir. Bu isə Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və bu torpaqlardan didərgin salınmış insanların öz evlərinə təhlükəsiz və ləyaqətlə geri dönüşünün təmin edilməsini nəzərdə tutur.
Azərbaycanın ərazilərini işğal edərək bu ərazilərdəki yerli azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan Ermənistanın beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmə prinsipinin xeyirxah məqsədlərindən öz işğalçı siyasətini gizlətmək üçün sui-istifadə etməsi yolverilməzdir. Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin statusuna yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.
Ermənistan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, eləcə də, ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı ilə yaxından tanışdır. Münaqişənin sülh yolu ilə həlli BMT nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.
Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə xidmət etmir, münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir.
Nikol Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaq. Buna görə də onun ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcək.
Bununla belə, növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidirlər. Bu müddəaya əməl edilməyəcəyi təqdirdə BMT nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyinə Ermənistan rəhbərliyi heç bir şübhə etməsin”.
1988-ci ilin fevralında ermənilər Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib.
Ermənilər 1994-cü ilin mayında atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Bu ilin avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndiyə qanunsuz səfəri zamanı çıxış edərək Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deyib.